Qrenlandiya böhranının şifrələri: Putin ilhaq planında Trampa kömək edəcək?

Qrenlandiya böhranının şifrələri: Putin ilhaq planında Trampa kömək edəcək?
10:30

Venesuela və İrandan sonra Qrenlandiya geosiyasi şərtləri yenidən böhran şkalasına yaxınlaşdırır. Tramp təbii sərvətləri və strateji mövqeyinə görə əhəmiyyətli olan adanı ələ keçirmək niyyətini gizlətmir, hətta güc tətbiqi hesabına olsa da.

Qrenlandiya ABŞ-ın qlobal planında vacib coğrafiyadır.

- Rusiya, xüsusilə Çinə qarşı qlobal üstünlük qazanmaq;
- Arktikaya nəzarət uğrunda mübarizədə mövqelərini gücləndirmək;
- Monro doktrinasına əsaslanan Qərb yarımkürəsinə hakim olmaq (Vaşinqton Arktikanı da artıq bu doktrinanın prinsiplərinə daxil edir);

Bu baxımdan, Trampın “Çin və Rusiya gəmiləri adanı dövriyyəyə alıb” iddiası obrazlı görünsə də, reallıqdan uzaq deyil. Qrenlandiyada müxtəlif layihələrin iştirakçısı olan Çin mineral ehtiyatların istehsalında inhisarçı mövqe qazana bilib. Bu, ABŞ-ı həm karbohidrogen ehtiyatlardan sonra açıq müstəviyə keçən minerallar uğrundakı qlobal mübarizədə geri salır, həm Arktika bölgəsinə nəzarətdə. Vaşinqton Çinin ada üzərindəki təsirlərini öz zonası hesab etdiyi Qərb yarımkürəsinə əsas təhlükə kimi qəbul edir. Venesuela əməliyyatı ilə Monro doktrinasının tətbiqinin yenidən praktiki müstəviyə keçməsi fonunda Tramp Adminstrasiyasının Qrenlandiyanı nəzarətə götürəcəyi ehtimalları güclənməkdədir. Amma necə?

Birinci variant, adanın satın alınmasıdır: Tramp 80 il öncə - 1946-cı ildə satın almaq təklifini irəli sürmüş prezident Trumanın təcrübəsinə istinad etsə də, Qrenlandiya və bağlı olduğu Danimarka buna qarşı çıxıb;
İkinci variant, hibrid taktikanın tətbiqidir: Qrenlandiyanı müstəqilliyə şirnikləndirmək, buna nail olduqdan sonra ilhaq etmək; adanın müstəqillik istəkləri əvvəldən mövcud olsa da, ABŞ-ın ələ keçirmək istəkləri fonunda bu məsələ arxa plana keçib;

Hər iki variantda ABŞ-ın çətinliklə üzləşməsində Avropanın xüsusi rolu var. Qrenlandiya ilə Arktika mübarizəsində üstünlük qazanan Avropa anlayır ki, adanın ABŞ-ın nəzarətinə keçməsi təkcə strateji və coğrafi itkilər gətirməyəcək, həm də qlobal siyasətdə mövqelərini zəiflədəcək. Avropa ölkələrinin adaya hərbçi göndərmələri də say və güc baxımdan simvolik xarakter daşısa belə, Vaşinqton qarşısında möqve sərgiləmək idi.

İki mümkün variantın işləmədiyini anlayan ABŞ üçüncü variantı - güc tətbiqini - gündəmə gətirib. Birləşmiş Ştatların kiçik qrup hərbçi ilə qısa müddətdə adanı ələ keçirməsi çətin deyil, çətin olan bunun siyasi nəticələridir.

a) Qrenlandiyaya hərbi müdaxilə NATO-ya hücum deməkdir;
b) Bu cəhd ABŞ-Avropa qarşıdurması yarada və NATO-nun dağılma prosesini başlada bilər;


Bu risklər ABŞ-ın özündə də narahatlıqla qarşılanır, hərçənd, Vaşinqtonun geri çəkiləcəyi ehtimalı zəifdir, xüsusilə geosiyasi planlarında adanın strateji əhəmiyyət kəsb etməsi bunu deməyə əsas verir.

Hazırda Vaşinqton geri çəkilməsi üçün Avropaya iqtisadi rıçaqlarla təzyiq edir, lakin ticarət müharibəsi riskini yaradan bu gediş də yetərli olmaya bilər. Bu halda gözlənilməz ssenari - Avropanın fakt qarşısında qoyulması - mümkün variantlardandır.

- Arktikada geniş hərbi qüvvələrə malik olan Rusiya Qrenlandiyaya “təhlükə” yaradacaq addımlar ata -təlimlər keçirə, yaxud müdaxilə görüntüsü yarada -bilər;
- ABŞ da “təhlükə” qarşısında Avropanın adanı qoruya bilmədiyi əsası ilə hərbi variantı işə sala bilər;


Ukraynada “yaxınlaşan” Moskva və Vaşinqtonun Pekinə qarşı uzlaşan maraqları da bu ssenarinin mümkünsüz olmadığını deməyə əsas verir. Qarşılığında Rusiya Ukraynada istədiyini ala, o cümlədən, Arktika bölgəsində Çinin artan təsirini neytrallaşdıra və adanın təbii sərbətlərinin istehsalında payçıya çevrilə bilər./// publika.az


Sizin reklam burada
Sizin reklam burada