Qazaxıstanda qəzaya uğramış, Bakıdan Qroznıya uçan Azerbaijan Airlines (AZAL) aviaşirkətinə məxsus Embraer 190 təyyarəsi "xarici fiziki və texniki təsirə" məruz qalıb.
Bu barədə 27 dekabr, cümə günü aviaşirkət məlumat verib.
News365 "Deutsche Welle» (DW) -yə istinadən xəbər verir ki, Ukrayna PUA-ları AZAL təyyarəsinin eniş etməyə çalışdığı vaxt Qroznıya hücum edib. Bu barədə Rosaviasiya bildirib.
Rosaviasiyanın rəhbəri Dmitri Yadrov bildirib ki, AZAL təyyarəsinin Qroznıya eniş etməyə çalışdığı zaman paytaxt aeroportunda Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəbindən "Kover" planı tətbiq edilib.
Onun sözlərinə görə, təyyarənin komandiri iki dəfə eniş etməyə cəhd etsə də, duman səbəbindən bunu bacarmayıb. Bundan sonra ona yaxınlıqdakı hava limanlarından birinə uçmağı təklif ediblər. Lakin Yadrovun sözlərinə görə, pilot "bütün Xəzər dənizi boyunca" Aktauya uçmağa qərar verib.
AZAL Embraer 190 təyyarəsinin qəzası ilə bağlı ilkin araşdırmalar başa çatana qədər Rusiyanın 10 şəhərinə uçuşları dayandıracağını elan edib. 28 dekabrdan etibarən Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod, Vladikavkaz, Qroznı və Mahaçqala şəhərlərinə uçuşlar müvəqqəti olaraq dayandırılıb. Şirkət bu qərarı təhlükəsizlik səbəbləri ilə izah edib.
Eyni zamanda, AZAL Moskva, Sankt-Peterburq, Yekaterinburq, Astraxan, Kazan və Novosibirskə uçuşları davam etdirəcək.
Bundan əlavə, Qazaxıstanın QAZAQ AIR aviaşirkəti və İsrailin milli aviaşirkəti El Al da Rusiyanın bir sıra hava limanlarına uçuşların dayandırıldığını elan edib.
Xatırladaq ki, 25 dekabr səhəri, Bakıdan Qroznıya uçan AZAL-a məxsus Embraer 190 təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər - 62 sərnişin və 5 ekipaj üzvü olub. Son məlumata görə, onlardan 29-u sağ qalıb.
Euronews və Reuters agentliklərinin mənbələrinə istinadən verdiyi xəbərə görə, təyyarənin qəzaya uğramasına səbəb rusiyaya məxsus "yer-hava" tipli raket olub. Mənbələr qeyd edir ki, raketin qəlpələri Qroznıya PUA hücumu dəf edilən zaman təyyarəni zədələyib.
Telegram-kanal Baza isə yazıb: "Qəzaya uğramış təyyarənin quyruğunda qəribə izlər əks olunan video sosial şəbəkələrdə yayılıb. Bu deşiklər atış və ya partlayış nəticəsində yaranan zərbə izlərinə bənzəyir". Pro-hərbi bloqer Yuri Podolyaka isə qeyd edib ki, "bu, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində yaranmış zədələrə oxşayır".
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) rəhbəri Kiril Budanov 26 dekabrda The War Zone layihəsinə müsahibəsində AZAL təyyarəsinin Rusiya ərazisində yerləşən "Pantsir-S1" zenit raket kompleksi (ZRK) tərəfindən vurulduğunu bildirib.
Təyyarənin quş sürüsü ilə toqquşması versiyası da irəli sürülüb. Bu versiya həm Rosaviasiya, həm də QazAeronaviqasiya tərəfindən səsləndirilib. Qazaxıstanın Orda.kz nəşri isə Mangistau vilayəti Səhiyyə İdarəsinə istinadən məlumat verib ki, təyyarədə oksigen balonu partlayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov 27 dekabrda keçirilən brifinqdə Azerbaijan Airlines təyyarəsinin qəzasının səbəblərinə qiymət verməkdən imtina edib. O, "Bu aviasiya insidenti ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri bəlli olana qədər biz hər hansı bir qiymət verməyi uyğun hesab etmirik və bunu etməyəcəyik", - deyə bildirib.
Səbinə Uğur, News365