20-ci əsrdə azərbaycanlılar dörd dəfə öz yurd-yuvalarından, vətənlərindən deportasiyaya məruz qalıblar. Bu deportasiyalar Rusiyanın Cənubi Qafqaza gəlişindən sonra başladı. O zamana qədər Suriyada, Livanda, Türkiyədə, İranda və İraqda yaşayan haylara (ermənilərə) heç kim diqqət etmirdi.
Hər şey 18-ci əsrdə Səfəvilərin zəifləməsindən sonra I Pyotrun 1724-cü ilin noyabrın 10-da (300 il sonra, 2020-ci il noyabrın 10-u Zəfər bayramı kimi qeyd ediləcək) hayların Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd, Bakı, daha sonra Gilan və digər ərazilərdə məskunlaşmasını rəsmiləşdirən fərmanla başladı.
Fərmana görə, haylar Rusiya İmperiyasının Cənubi Qafqazı və İran körfəzinin işğalında "beşinci qüvvə" rolunu oynayacaq, yerli əhali olan azərbaycanlılar isə öz doğma yurdlarından deportasiya ediləcəkdilər. Lakin o zaman Rusiyanın hərbi uğursuzluqları bu planı müvəqqəti dayandırdı.
İranın məğlub olması Rusiya ilə İran arasında sülh danışıqlarının başlanmasına səbəb oldu. 1813-cü il oktyabr ayının 12-də Qarabağda hər iki dövlətin səlahiyyətli nümayəndələri arasında on bir maddədən ibarət olan Gülüstan sülh müqaviləsi imzalandı. Müqavilənin üçüncü bəndinə görə, Qarabağ və Yelizavetpol adı altında əyalətə çevrilən Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış xanlıqlarının indiki Qafqaz sərhəd xətti arasındakı bütün torpaqları Rusiya İmperatorluğunun mülkiyyətinə daxil edildi.
Daha sonra 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında bağlanan Türkmənçay müqaviləsinə görə yenə üçüncü maddəyə əsasən, İran şahı Arazın hər iki tayında yer alan İrəvan və Naxçıvan xanlıqlarını Rusiya İmperatorluğunun tam mülkiyyətinə verdi. Bununla da "beşinci qüvvələrin" (hayların) işi asanlaşdı. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40.000 erməni Azərbaycanın müxtəlif ərazilərinə məskunlaşdı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə Osmanlı İmperiyası ərazilərində yaşayan 90.000 erməni də Azərbaycanda, əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında yerləşdirildi.
Rus diplomatı və yazıçısı A.S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini bu ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onlara bu çətinliklərin uzun sürməyəcəyini inandırmağa çalışmalıyıq ki, ermənilər müvəqqəti olaraq bu torpaqlarda yaşamağa icazə alıblar və burada daimi qala bilməyəcəklər."
Amerikalı alim C. Makkarti yazır: "1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, dəqiq sayı məlum olmayan çoxlu insan qətlə yetirilmişdir. Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100.000 erməni də Qafqaza gətirmiş və yurdlarından qovulmuş türklərin yerlərində yerləşdirmişlər."
Amerikalı alimin göstərdiyi rəqəmlərə görə 1877–1878-ci illər müharibəsində, ruslar işğal etdikləri Qars–Ərdəhan vilayətindən müsəlmanları qovaraq onların yerinə 70.000 erməni yerləşdirmişlər. 1895–1896-cı hadisələrində təxminən 60.000 erməni Qafqazda məskunlaşdırılmışdır. Birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400.000 erməni Qafqazın 400.000 müsəlman əhalisinə dəyişdirilmişdir.
1828 və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın Rusiya imperiyasının işğalı nəticəsində Azərbaycan torpaqlarında – Araz çayının şimalında erməni əhalisi sürətlə artmağa başlamışdır.
Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, "Erməni vilayəti" adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə isə yenidən dəyişdirilərək İrəvan quberniyası olmuşdur
Ermənilər köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi.
A.S.Qriboyedov yazırdı:"Rus ordusunun tutduğu ərazilərdən-Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır." Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirilirdi.
N.N.Şavrov yazırdı: "Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır".
N.İ.Şavrov sonra qeyd edirdi ki, erməniləri yerləşdirmək üçün 200 min desyatindən çox dövlət torpaqları ayrılmış, habelə müsəlmanlardan 2 milyon manatdan yuxarı xüsusi torpaqlar da pulla alınaraq ermənilərə paylanmışdır.
1836-cı ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Daha sonra keçmiş Alban dövlətinin qərb əraziləri (Qarabağ regionu) ermənilərin XIX əsrdə sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi, həmin yerlərin əhalisinin Qriqoryanlaşdırılması, erməniləşdirilməsi prosesi başlandı.
Birinci dünya müharibəsi zamanı Osmanlı İmperiyasında baş verən qırğınlar nəticəsində ermənilər yenidən Azərbaycanın müxtəlif ərazilərinə köçürüldü. Xüsusilə Qarabağ və Gəncə bölgələrində onların sayı artdı. 1918-ci il mart hadisələri zamanı Bakı Soveti və daşnak dəstələrinin birgə fəaliyyəti nəticəsində minlərlə azərbaycanlı soyqırıma məruz qaldı. Bu soyqırım, azərbaycanlıların tarixi yurdlarından sıxışdırılaraq çıxarılması prosesinin davamı kimi yadda qaldı.
Sovet hakimiyyətinin qurulmasından sonra deportasiya siyasəti yeni mərhələyə qədəm qoydu. Xüsusilə, 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası həyata keçirildi. SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən bu deportasiya zamanı on minlərlə azərbaycanlı doğma yurdlarından məhrum edilərək Azərbaycanın digər bölgələrinə və Qazaxstana sürgün edildi. Bu proses zamanı insanlar həm mənəvi, həm də maddi itkilərə məruz qaldılar.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi azərbaycanlıların deportasiya tarixində ən ağır səhifələrdən birini təşkil etdi. Ermənistanın təcavüzü nəticəsində 300.000 azərbaycanlı öz doğma torpaqlarını tərk etməyə məcbur qaldı.
Beləliklə, azərbaycanlıların deportasiyası və etnik təmizləmə siyasəti əsrlər boyu davam etmiş, bu da xalqın tarixi və mədəni irsinə böyük zərbə vurmuşdur. Ermənilərin(hayların) köçürülməsi ilə Qərbi Azərbaycanın etnik tərkibi, toponimləri də zamanla dəyişdirilməyə başlandı.
O ki qaldı haylar kimdirlər, hardan gəliblər, Qədim dünya tarixçiləri Heredot, Evdoks protohayların mənşəyinin frakiya-friqiya tayfaları ilə bağlı olduğunu qeyd edirlər. Şərqşünas İ.M.Dyakonov qeyd edirdi ki, nə qədər ki, qədim hay dili Ərməniyə yaylasının yerli əhalisinin, xalqlarının dili ilə qohum deyil, aydındır ki, onlar buraya kənardan gətirilmişdir. Protohaylar ilkin olaraq yuxarı Fərat vadisində olmuşlar.
Fransız mənşəli qafqazşünas alim İ.Şopen yazırdı ki, aydınlaşdırmaq çətindir ki, ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni Hayastanın adını tamamilə başqa xalqın adıyla dəyişib tərcümə ediblər.
"Aydındır ki, Yafes mənşəli Şimaldan gəlmə dağlı armenlə, cənubdan gəlmə sami mənşəli haykanların(hayların) heç bir ümümi oxşarlığı yoxdur."
XX əsrin əvvəllərində N.Adens yazırdı: "Eramızdan əvvəl VIII əsrdə Trakiyada (Frakiya), Balkanlarda qədim Misir yazılı abidələrinin yazdığına görə "dəniz xalqlarından" biri olan kimmerlər meydana çıxdı. Onlar ermənilərin(hayların) əcdadları ilə müqavilə bağladılar. özləri ilə birlikdə şərqə, Kiçik Asiyaya aparıldılar."
Rus qafqazşünası İ.Şopen XIX əsrdə yazmışdır;"Ermənilər Anadolu dağlarının şimal vadilərinə gələn Frigiyalılar və Poliyalılar tayfasıdır.”
Fikrimcə əlavə şərhə gərək yoxdur.
iki əsr ərzində Şimali Azərbaycan torpaqlarında mərhələ-mərhələ yerləşdirilən ermənilər 1918-ci ildə, Qərbi Azərbaycanın etnik-tarixi torpaqlarında özlərinə havadarlarının yardımları ilə Ermənistan adlanan dövlət qurdular, baxmayaraq ki, öz dillərində Hayastan deyirlər.
Səbinə Uğur, News365