Qazaxıstanın sirli kəndi: Yuxu epidemiyası

Qazaxıstanın sirli kəndi: Yuxu epidemiyası
23 Fev 2025 22:59

Qazaxıstan ucsuz-bucaqsız məhsuldar torpaqları, zəngin yeraltı sərvətləri və çayları ilə təbiətin bəxş etdiyi bir cənnəti xatırladır. Lakin bu cənnətin ortasında yerləşən Talaççi kəndi əslində bir faciənin içindədir.


News365.az xəbər verir ki, bir vaxtlar iki yüz ailənin yaşadığı kənddə indi cəmi əlli ailə qalıb. Kəndin yaxınlığında yerləşən işçi evləri tərk olunub. Vaxtilə ruslar və qazaxların birlikdə yaşadığı, uşaqların gülüş səslərinin əks-səda verdiyi Talaççi indi bir kabus şəhərini xatırladır.


Aydana da kəndi tərk edənlərdən biridir. İki il əvvəl, hələ 17 yaşında olarkən ailəsini geridə qoyaraq bir kımız fermasında yeni həyat qurmağa qərar verib. Lakin onun bu seçimi ailəsi, xüsusilə də atası tərəfindən heç vaxt qəbul edilməyib.


Serik qızını övladlıqdan rədd edib. Aksakalların qərarı ilə Aydananın doğulub böyüdüyü kəndə girişi qadağan edilib. Onun kəndə yaxınlaşması belə yasaqlanıb.


Anası Gülşat isə bu ayrılığa tab gətirə bilmir:

"Günlərlə onu oyada bilmədiyim vaxtlar olub. Oyansa belə, evin içində bir ruh kimi dolaşırdı. Artıq iki ildir nə səsini eşitmişəm, nə üzünü görmüşəm. Gənclər səhv edər, amma bağışlamaq da lazımdır. Lakin ərim çox inadkardır. Aksakalları razı salsaq belə, onu yola gətirə bilmərik."


Lakin kənd sakinlərinin buranı tərk etməsinin tək səbəbi ailədaxili münaqişələr deyil. Kənddə sirli bir yuxu xəstəliyi yayılıb. Tanı qoyula bilməyən bu xəstəlik insanları günün istənilən vaxtında dərin yuxuya qərq edir. Bəzən bu yuxu günlərlə davam edir. Maraqlıdır ki, bəzi evlərdə bütün ailə üzvləri bu xəstəliyə tutulur, bəzilərində isə yalnız bir-iki nəfər təsirlənir.


2013-cü ilin mart ayından başlayan bu yuxu epidemiyası dünya alimlərinin bölgəyə axışmasına və araşdırmalara səbəb olub. Xəstəliyə tutulan insanlar oyandıqdan sonra heç nə xatırlamırlar.


Aydana da bu xəstəliyin qurbanlarından biridir:

"Günlərlə yataqdan qalxa bilmədiyim, oyandığımda isə heç nə xatırlamadığım anlar çox olub. Atama yalvardım ki, şəhərə köçək, amma razılaşmadı. Çox sevdiyim məktəbimi tərk etdim, çünki dərsə gedə bilmirdim. Nəhayət, mən də kəndi tərk etmək məcburiyyətində qaldım."


Bu müəmmalı xəstəlik hələ də elmi cəhətdən tam açıqlanmasa da, Talaççi kəndi boşalmaqda davam edir. İllərdir davam edən bu kabusun nə vaxt bitəcəyi isə hələ də naməlumdur.



Sizin reklam burada
Sizin reklam burada