Özbəkistanın Qarabağın bərpasında iştirakı iki ölkə arasında dostluğun möhkəmləndirilməsi ilə yanaşı, Cənubi Qafqazda sülh və inkişafın təməlini qoyur
Azərbaycan 30 ilə yaxın işğal
altında qalan Qarabağ torpaqlarını azad etdikdən sonra qarşısında dayanan əsas
çağırışlardan biri – regionun yenidən qurulması və bərpası oldu. Bu mühüm və məsuliyyətli
prosesdə Azərbaycanın tək olmadığını sübut edən ilk dövlətlərdən biri Özbəkistan
Respublikası oldu. Bu həm siyasi həm də mənəvi baxımdan iki qardaş xalq
arasındakı sarsılmaz əlaqənin bariz nümunəsinə çevrildi.
Azərbaycan dövləti Özbəkistanın
bu sahədə göstərdiyi köməyi yüksək qiymətləndirir. Prezident İlham Əliyevin
2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri
zamanı mətbuata verdiyi bəyanatında deyib ki, Qarabağın bərpasına göstərdiyi
köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik: “Özbəkistan bu sahədə
birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən
Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil
infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən
Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu
Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan
uşaqlar təhsil alırlar”. Özbəkistan Qarabağın bərpasına yardım göstərən ilk ölkə,
onun Prezidenti Şavkat Mirziyoyev isə bu təşəbbüsü ilk irəli sürən və
reallaşdıran dövlət başçısı olub. Bu addım, sadəcə dostluğun ifadəsi deyil,
eyni zamanda praktiki dəstək, təşəbbüskarlıq və siyasi iradə nümunəsi kimi qəbul
edilir.
Özbəkistanın təşəbbüsü ilə
Füzuli şəhərində inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan məktəb Qarabağın
bərpasında sosial və humanitar infrastrukturun ilk real layihələrindən biri
oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev bu məktəbin birgə açılış mərasimində iştirak ediblər. Bu həm də
siyasi liderlərin öz xalqları qarşısında verdiyi vədlərə sadiqliyinin göstəricisidir.
Bu təşəbbüs, sadəcə bir məktəbin
tikintisindən ibarət deyil. Bu, həm də bərpa dövründə humanitar həmrəylik, türk
dünyasında qarşılıqlı dəstək ruhu və qeyri-şərtsiz dostluğun təzahürüdür. Azərbaycan
xalqı bu addımı heç vaxt unutmayacaq və Özbəkistanın yanında olduğunu hər zaman
göstərməyə hazırdır.
Qarabağ bölgəsinin bərpası təkcə
infrastrukturun yenidən qurulması ilə deyil, həm də orada dayanıqlı iqtisadi və
sosial həyatın formalaşdırılması ilə mümkündür. Bu çətin və strateji əhəmiyyətli
prosesdə Azərbaycanın yaxın dostu və qardaşı olan Özbəkistan Respublikası, həm
mənəvi, həm də praktiki dəstəyi ilə ön sıralarda yer almaqdadır. Füzuli şəhərində
tikilən məktəbdən sonra Özbəkistanın təşəbbüsü və sərmayəsi ilə Xankəndi şəhərində
yaradılan tikiş fabriki bölgənin iqtisadi canlanmasında mühüm rol oynayır.
Erməni işğalından azad edilmiş ərazilərdə
reallaşdırılan ikinci əsas layihə, Xankəndi şəhərində fəaliyyət göstərən tikiş
fabrikidir. Bu müəssisə, Özbəkistan tərəfindən yatırılan sərmayə və gətirilmiş
texnologiyalar sayəsində artıq fəaliyyət göstərir. Cənab Prezident çıxışında bu
haqda da danışaraq bildirib ki, erməni işğalından azad edilmiş ərazilərdə
ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir: “Yenə də özbək qardaşlarımızın sərmayələri və
texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə
yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu,
sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi,
eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq
və bunu çox yüksək qiymətləndiririk”. Gələcəkdə bu fabrikdə çalışanların
sayının bir neçə dəfə artacağı proqnozlaşdırılır. Bu isə Xankəndidə iqtisadi
aktivliyin və sosial sabitliyin bərpa olunmasında vacib rol oynayacaq.
Qarabağın bərpasında Özbəkistanın
göstərdiyi dəstək – təkcə maddi deyil, həm də mənəvi bir dayaqdır. Bu addım
dövlətlərarası münasibətləri daha da gücləndirir və regionda uzunmüddətli
sabitlik və əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Azərbaycan və Özbəkistan
arasında qurulan dostluq körpüsü, artıq konkret əsərlərlə, məktəblərlə,
infrastruktur layihələri ilə tarixə həkk olunmaqdadır.
Bu cür layihələr Özbəkistanın
sadəcə dostluq jesti deyil, həm də müdrik və uzaqgörən siyasətinin təzahürüdür.
Sosial layihələr vasitəsilə Qarabağın iqtisadi-sosial infrastrukturunun yenidən
qurulmasına edilən töhfə, bölgənin beynəlxalq investorlar üçün də nümunəvi bərpa
modelinə çevrilməsinə səbəb olur.
Azərbaycan dövləti bu dəstəyi
yüksək qiymətləndirir və Özbəkistanın bu cür təşəbbüslərinin beynəlxalq
miqyasda nümunə olduğunu dəfələrlə qeyd etmişdir.
Füzulidə məktəb, Xankəndidə isə
tikiş fabriki – bunlar təkcə fiziki obyektlər deyil, qardaşlıq ruhunun,
qarşılıqlı etimadın və strateji əməkdaşlığın rəmzləridir. Özbəkistanın
Qarabağın bərpasında iştirakı iki ölkə arasında dostluğun möhkəmləndirilməsi ilə
yanaşı, Cənubi Qafqazda sülh və inkişafın təməlini qoyur. Bu cür təşəbbüslər
Qarabağın gələcəyinin dayanıqlı, firavan və güclü olacağına olan inamı artırır.
Səyavuş Qasımov
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent