Xəbər verdiyimiz kimi Ermənistanda siyasi gərginlik davam edir. Baş nazir Nikol Paşinyan kilsəyə, patriarxa qarşı ittihamlara başlayandan sonra Kremlə yaxınlığı ilə seçilən biznesmen, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan gözlənilmədən siyasətə qarışdı. O, bəyanat verərək kilsənin müdafiəsinə qalxdı, hətta iqtidarı qapalı şəkildə hədələyərək dedi ki, siyasətçilərin edə bilməyəcəyini onlar bacaracaqlar. Nəticədə Paşinyan Karapetyanı həbsə atdı. Bu, Kremldə ciddi narazılıq doğurub.
Dünən isə mətbuat konfransında maraqlı hal yaşanıb. Vəkil Aram Vardevanyan Samvel Karapetyanın işinə toxunarkən deyib ki, hazırda “Beynəlxalq hüquqi müdafiə nöqteyi-nəzərindən nəzərdə tutulan bir sıra proseslər həyata keçirilir”.
Jurnalistlərdən biri belə bir sual ünvanlayıb: “Putinin Samvel Karapetyanı Ermənistan Respublikasına hakimiyyəti dəyişmək və biznesmeni baş nazir qoymaq üçün göndərməsi haqqında nə deyə bilərsiniz?".
Vardevanyan cavabında deyib: “Mən bilmirəm bu məsələlərə necə reaksiya verim. Xalq arasında yayılan söz-söhbətlərə hörmətlə yanaşıram, hər kəsin söz azadlığı hüququ var. Amma Samvel Karapetyan təkcə Ermnistan vətəndaşı deyl. Bizim qanunlara görə isə yalnız Ermənistan Respublikasının vətəndaşları hökumət üzvü, Milli Assambleyanın deputatı və s. mühüm vəzifələrdə çalışa seçilə bilərlər”.
Tural