PUA-lar Çuvaş Respublikasını da vurur - VİDEO

PUA-lar Çuvaş Respublikasını da vurur - VİDEO
09 İyn 2025 10:20

Çuvaş Respublikasında Ukrayna pilotsuz təyyarələrinin hücumu zamanı güclü partlayış baş verib. Partlayışın videosunu Baza Telegram kanalı yayıb.


Yayılan görüntülərdə böyük qara tüstü və alov, güclü partlayış səsləri əks olunub. Videonun dəqiq harada çəkilməsi açıqlanmır.


Respublikanın rəhbəri Oleq Nikolaev Telegram kanalında iki pilotsuz uçuş aparatının "VNIIR" ASC-nin ərazisinə düşməsi barədə məlumat verib. İşçilərin təhlükəsizliyini təmin etmək üçün istehsalın dayandırılması qərara alınıb. Onun sözlərinə görə, heç kim xəsarət almayıb.

Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.


Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada