II Dünya Müharibəsi zamanı Nazilər tərəfindən ələ keçirilən bir tablo təxminən 80 il sonra Argentinada satışa çıxarılan bir evin elanında yenidən görünüb. İtalyan rəssam Giuseppe Ghislandi tərəfindən çəkilmiş “Bir Xanımın Portreti” adlı əsər, evin elan fotoşəkillərində divanda asılı vəziyyətdə diqqət çəkib.
News365.az xəbər verir ki, Hollandiya Mədəni İrs Agentliyi (RCE) tədqiqatçıları Annelies Kool və Perry Schrier tablonun yoxlanılması nəticəsində “kopya olduğuna dair heç bir səbəb tapılmadığını” bildirərək, əsərin orijinal olduğunu açıqlayıblar.
Çalınmış bu əsər, müharibə illərində Nazilər tərəfindən talan edilən yüzlərlə sənət əsərindən yalnız biridir. 18-ci əsrə aid bu portret, Nazi işğalı altında olan Avropada yəhudilərə kömək edən hollandiyalı sənət taciri və kolleksiyaçı Jacques Goudstikker-in kolleksiyasına aiddi. Goudstikker 1940-cı ildə vəfat edib, kolleksiyası isə Hermann Göring-in yaxın çevrəsinə keçmişdi. Göring, Luftwaffe-nin rəhbəri olduğu dövrdə Avropadan ən az 800 tablo talan etmişdi.
Tədqiqatlar göstərir ki, tablo son olaraq Göring-in köməkçilərindən Friedrich Kadgien-in əlinə keçmiş və daha sonra Argentinaya qaçan ailəsinin əlində qalmışdır. Həmin tablo, Kadgien-in qızına aid evin elan fotoşəkillərində aşkarlanıb. Hollandiya mətbuatına danışan qadın isə tablo barədə məlumatının olmadığını iddia edib.
Digər əsərlər də tapıldı
Araşdırmaçılar, həmçinin Kadgien ailəsinə aid sosial media paylaşımlarında 17-ci əsr hollandiyalı rəssam Abraham Mignon-a aid bir natürmort əsərinə də rast gəldiklərini açıqlayıblar. Friedrich Kadgien, Nazi dövründə sənət əsərləri və zərgərlik əşyalarını talan edərək müharibə iqtisadiyyatına töhfə vermiş və həyatının qalan hissəsini Argentinada davam etdirmiş, 1979-cu ildə orada vəfat etmişdi.
Jacques Goudstikker-in kolleksiyasından oğurlanan əsərlərin qeydlərini saxlayan “qara kitab”, 2000-ci illərdə Hollandiya hökumətinə təxminən 200 əsəri geri almağa imkan yaratmışdı. Lakin hələ də tapılmamış çox sayda əsər mövcuddur. Onların ən önəmlisi isə 1939-cu ildə Nazilər tərəfindən ələ keçirilmiş Rafael-in “Gənc Bir Adamın Portreti” əsəridir. Tarixçilər bu başyapıtı II Dünya Müharibəsindən bəri itkin olan ən qiymətli tablo hesab edirlər.