"Paşinyanın Qərbə səfəri Rusiyaya qarşı addımdır"- Politoloq

"Paşinyanın Qərbə səfəri Rusiyaya qarşı addımdır"- Politoloq
15 İyl 2025 16:18

Politoloq Elnur Ənvəroğlu News365.az-a açıqlamasında bildirib ki, son vaxtlar Ermənistanda baş verən etirazlar və siyasi proseslər təkcə Azərbaycana qarşı yönəlməyib, həm də Rusiyanın bölgədəki təsirinə qarşı Qərbin dəstəklədiyi yeni siyasi xəttin nəticəsidir.

Politoloqun fikrincə, Abu-Dabi görüşü həm formatı, həm də nəticələri baxımından fərqli və önəmli bir mərhələ olub:

“Bu, Azərbaycan və Ermənistan arasında ilk dəfə heç bir vasitəçi və ya xarici müdaxilə olmadan keçirilmiş bir görüş idi. Bu format Qərbin də maraqlarına uyğun gəlirdi və Qərb dairələri tərəfindən dəstəklənirdi”.

Ənvəroğlu hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın hazırkı Avropa səfərlərinin əsas məqsədi Qərb liderləri ilə koordinasiya aparmaq və növbəti mərhələdə regionda atılacaq addımları müzakirə etməkdir:

“Paşinyan, görünür, regionda baş verən dəyişiklikləri – xüsusilə Zəngəzur dəhlizi ilə bağlı prosesləri – Qərb liderləri ilə müzakirə edərək həm də Rusiyaya qarşı vahid mövqe formalaşdırmağa çalışır. Çünki reallıq budur ki, proses irəlilədikcə, Moskva da öz reaksiyasını sərtləşdirir”.

Politoloq əlavə edib ki, Rusiyanın Ermənistana təzyiqləri artıq hiss olunur və bu təzyiqlər müxtəlif formada özünü büruzə verir:

“İrəvanda və ölkə daxilində rusiyayönlü qüvvələrin fəallaşması, Kremlin Paşinyan hökumətinə qarşı sərt ritorika ilə çıxış etməsi və təzyiq rıçaqlarını işə salması bu prosesin açıq göstəricisidir”.

E. Ənvəroğlunun fikrincə, regionda yeni siyasi xəttin formalaşması təkcə Azərbaycan-Ermənistan münasibətlərini deyil, ümumilikdə Cənubi Qafqazda güc balansını dəyişmək potensialına malikdir.


Sizin reklam burada
Sizin reklam burada