Oyunun olsun, ay "Ovçu Pirim"...
O, qəfil nədən "xırda ticarət" sevdasına düşdü? O vaxtdan istedadlı aktyorun həyatında nə isə dəyişdi?
Allahverdi Yolçuyev bu dəfə News365.az-a danışdı.
-Allahverdi müəllim, xoş gördük.
-Xoş vaxtınız olsun.
-Özünüzü necə hiss edirsiniz?
-Bu gün yaxşıyam, sabah da Allah kərimdi.
-Bir ara "Ovçu Pirim"in "xırda ticarəti" sosial şəbəkələrin gündəmindən düşmədi. Amma çox tezliklə də bu məsələ yat-küt oldu. Çoxları bunu aktyorun yeni "rolu" kimi yozdular.
-Şekspir deyib ki, dünya bir teatrdı, insanlar isə onun aktyorları.
-Sonuncu rolunuzu uğurlu saymaq olarmı?
-Onu siz tamaşaçılar bilər.
-Həmin "səhnə"də ilk yəqin etdiyim bu oldu ki, maddi ehtiyacdan uşaq vaxtı göyərti satan Allahverdinin eyni səbəbdən corab satmağı nə qədər oxşar görünsə də, fərqi daha çox idi. Tanınmış aktyorun bu yaşda, xarakterinizdəki utancaqlığı, abır-həyanı da nəzərə alsaq, Bakı küçələrində corab satmasının bir "əmması" vardı. Müştəriləri yola gətirmək üçün xahiş-minnətiniz də, gülüşünüzdə gizlətmək istədiyiniz ironiya da açıq-aşlkar görünürdü.
-Anlayanlar anladı. Bu "tamaşa"dan hərə öz "pay"ını götürdü. Başa düşməyənlərə gəlincə, gücləri çatdıqca məni danladılar. Hərəsi bir tərəfdən,- "O nədi eləmisən? Camaatın içində biabır olduq",- dedilər. "Açıq bazar" səhnəsilə mən çox aktyorun ümumiləşmiş obrazını canlandırdım- həm də teatr səhnəsində yox, küçədə- birbaşa insanların gözləri önündə. Müxtəlif peşə, düşüncə, imkan, xarakter sahiblərinin qarşısında bütün taleyini, həyatının mənasını, sabahını bağladığı sevimli peşəsindən uzaq düşən, yerini tapmaqda çarəsiz qalan çoxsayda istedadlı aktyorun gerçək həyatını insanlara tanıtmaq istədim. Həyatın ironiyası ilə üz-üzə qalmaq insan üçün çox ağırdı.

-İnsanlar arasında xeyli gəzib-dolaşdınız. Reaksiyaları necə oldu? O halınızda özünüzə daha çox diqqət hiss elədiniz, yoxsa biganəlik?
-Münasibətlər müxtəlif idi,- kənardan mənə baxıb halıma acıyanları da vardı, tərs-tərs məni süzənlər də. Üz çevirib qınayanlar daha çox idi. Amma mən özümü toplayıb, "rol"umu axıra qədər oynadım. Medianın diqqəti hamısını üstələdi. Doğrudur, "alver"imə mane oldular, amma vurduqları "ziyan" qazanacağım xeyirdən daha çox oldu.
-Hazırda səhhətinizdə, maddi durumunuzda, iş həyatınızda bir yenilik varmı? Kimlərin yadına düşürsünüz? Kimlərdən qayğı, diqqət görürsünüz?
-Yeni təyin edilmiş Mədəniyyət nazirimiz hadisə baş verməzdən əvvəl maraqlanmışdı, zəng eləmişdi. Diqqət göstərmişdi. Bayramlarda sovqat da göndərmişdi, sağ olsun. Amma "corab alveri" aramıza soyuqluq gətirdi. Nazirlikdən daha mənimlə maraqlanan yoxdu. Zənglərimə cavab vermirlər. O vaxtdan bəri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı bir dəfə mənə 300 manat pul verdi. Sənət adamlarından da əl tutanlar oldu. Hər birinə təşəkkür edirəm. Amma bunlar yaşadığım problemlərin həlli üçün çox cüzidi, yetərli deyil. Mən sənətimə adi baxmamışam. Sözün əsl mənasında, sənət üçün yanmışam. İnsanların bu gün də yaddaşlarından silinməyən "Ovçu Pirim" obrazı ilə 20 illik bir "ömür" yaşayan aktyoram. Mən indi də özümü Ovçu Pirim kimi hiss edirəm.
-Zarafat öz yerində, fikrimini qəribçiliyə salma: Bəlkə Ovçu Pirimi bu qədər sıxan, incidən illərlə "ov ovlayıb, quş quşladığı" güzərgahlardan uzaq düşməsidi?
-Ay Əhməd!.. Adını ovçu qoyan o Əhməd imkan verir ki... (çəkiliş ssenarilərindən birini xatırlayır. Həmin epizodu yenidən canlandırmağa çalışır. Bir anlığa səhhətindəki problemləri unudur. Ürəkdən gülür. "Ovçu Pirim"in səsilə adını eşidib, üzünü görmədiyi ovçu Əhmədin qarasınca deyinir. "Ovçu" adını yalnız özünə yaraşdırır. Sonra sözlərinə ara verir. Bir anlıq susur.)
-Doğrudan da bu obrazın ekranlara hər gəlişi kiçikyaşlı tamaşaçlıarın təbiətlə yeni görüşü idi. Demək ki, Ovçu Pirim ekran üçün darıxıb.
-Televiziya kanallarından biri söz verib- adını çəkməyəcəm. Gözləyək. Folklor bilicisi, istedadlı jurnalist, yeri gəlmişkən deyim ki, "Sehrli güzgü"nün ssenari müəlliflərindən biri də o idi,- rəhmətlik Ənvər Çingizoğlu belə məqamlarda deyərdi: "Qurud əzərik, ona da dözərik." İndilik bizimki qurud əzməkdi.
-Bildiyim qədər, Ovçu Pirimin paltarını, "yaraq-yasağ"ını hələ də qoruyub saxlayırsınız.

-Bəli. O obrazın adı ilə bağlı nə varsa, mənə çox doğmadı. O geyimlər aktyor ömrümün ən şirin anlarını xatırladır. Ya küçə ilə gedəndə, yaxud içtimai nəqliyyata minəndə, çoxları "Ovçu Pirim"di deyib təbəssümlə mənimlə salamlaşırlar. Hal-əhval tuturlar. Çox hörmət edirlər, diqqət göstərirlər. Bu, bir aktyor üçün arzusunda olduğu ən böyük xoşbəxtlikdi. Elə xalq artistləri var ki, cəmiyyət içinə çıxır, heç tanıyan da olmur. Amma heç bir fəxri adım olmasa da, məni çoxları tanıyır.
O ki qaldı Ovçu Pirimin yenidən ekranlara qayıtmaq şansına, düşünürəm ki, mümkündür. Şübhəsiz, bu obrazın geyimindən tutmuş ssenarilərə, verilişin quruluşuna və s. yenidən baxılmalıdır. Müasir texniki imkanlar da mövzunun rejissor həllinə yardımçı ola bilər. Verilişin əsas məramı ekoloji tərbiyə, təbiəti, ətraf aləmi uşaqlara sevdirmək olmalıdır. Bu, uşaqların dünyagörüşünün formalaşmasında vacib amildir.

-İnsan çox sınaqlardan keçməli olur. Bəzən həyatın amansız üzü adama çox ağrı-acılar yaşadır. Aldığınız həyat dərsi bu yaşda sizə nələri öyrətdi?
-Çox şeyi. Öyrətdi ki, inamsız yaşamaq olmur. Gərək insana inanasan. Hər kəsin diqqətə, ən azı, xoş sözə ehtiyacı var. Tanımadığın bir insanın sənə mehriban baxışı da bəzən hansısa ağrını qismən də olsa unutdura bilir. İnsanlar bir-birinə həyan olmalıdır. İncəsənət adamları səhnədən, efirdən, ekrandan bayağı sözlərdən qaçmalıdır.
Hə, bir də mən indi başa düşdüm ki, sən demə, 338 manat 50 qəpiklə də yaşamaq olarmış. Amma günahımı da boynuma alıram, o vaxt teatrdan uzaqlaşmasaydım, pensiya pulum daha yüksək olardı. Teleteatrda "Dalğa" teatrı fəaliyyət göstərirdi. Orda çalışırdım. Rəhmətlik xalq artisti Yaşar Nuri müdirim idi. Şirkət səhmdar cəmiyyətə çevriləndən sonra teatrımız da bağlandı. O vaxtdan qaldım işsiz.
-Sizi teatr səhnələrində, filmlərdə, televiziya ekranlarında yenidən görmək, dublyajlarda səsinizi bir daha eşitmək istəyənlərə sözünüz...

-Səhhətimdə problemlər az da olsa qalıb. Ümid edirəm ki, İnşəAllah, o da ötüb keçəcək. Qismətimizdə varsa, yenə görüşəcəyik.
Nazim ƏLİFOV


