Mayın 13-də İsveçrənin Bazel şəhərində “Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib. 15 ölkənin təmsilçilərinin iştirak etdiyi mərhələdə Azərbaycan finala vəsiqə qazana bilməyib. Ölkəmizi bu il “Run With You” mahnısı ilə “Mamagama” qrupu təmsil edirdi.
Yarımfinal nəticələri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
News365.az xəbər verir ki, 2024-cü ildə müsabiqəsəd Azərbaycanı təmsil edən Fahree (Fəxri İsmayılov) “Instagram” hesabında “Avroviziya”nın artıq mahnı müsabiqəsi olmadığını bildirib və gələcək illərdə bu müsabiqənin boykot edilməsinə çağırıb.
“Bu, artıq nə mahnı müsabiqəsidir, nə də ümumiyyətlə müsabiqə. Bundan artıq nə olmalıdır ki, keçək finala. Səhnə gözəl, ifa gözəl, şou gözəl, rəqqaslar da var idi, bek-vokal da var idi. Tüpürəsən bunların siyasətinə, münasibətinə və ədalətinə,” – deyə müğənni sərt çıxış edib.
Xatırladaq ki, Azərbaycan son üç ildir ardıcıl olaraq “Avroviziya”nın finalına yüksələ bilmir. 2023-cü ildə TuralTuranX dueti, 2024-cü ildə isə Fahree və İlkin Dovlatov tandemi yarımfinalda uğursuzluqla üzləşib.
Fəxrinin paylaşımına cavab isə 2011-ci il “Avroviziya” qalibi Nigar Camaldan gəlib. O, müsabiqənin boykot edilməsinə çağırışı qeyri-ciddi adlandırıb:
“Sadəcə finala keçmədik deyə ‘Avroviziya’nın boykotuna çağırmaq – bu, yumşaq desək, qeyri-ciddidir. Dünyanın ən böyük musiqi müsabiqəsidir və iştirak etmək özü bir şərəfdir. Finala keçmədin? Olsun, başa düşürəm… Olur. Boykota çağırmaq əvəzinə, daha yaxşı təqdimat üçün nə etmək lazım olduğunu düşünmək lazımdır. Konstruktiv tənqid və səhvlər üzərində işləmək daha çox fayda verir, inanın. "Mamagama" uşaqları çalışdı, amma çox təəssüf…”