Azərbaycan və Özbəkistan hər biri öz regionunun incisi hesab edilir. Prezident İlham Əliyevin 2024-cü ilin avqustunda Özbəkistana dövlət səfəri və bu səfər zamanı imzalanan müttəfiqlik münasibətləri haqqında sənəd iki ölkə arasında yeni bir səhifə açmış oldu.
Prezident İlham Əliyevin ötən il Daşkəndə dövlət səfərindən keçən 313 gün ərzində iki ölkənin həm ali rəhbərləri, həm də hökumət üzvləri arasında kifayət qədər intensiv təmaslar baş verib. Statistik rəqəmlər göstərir ki, son səkkiz il ərzində Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi səkkiz dəfə, birgə istehsal həcmi isə beş dəfə artıb. 2025-ci ilin ilk beş ayında Özbəkistanla ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon dolları ötüb.
Mərkəzi Asiyanın incisi olan Özbəkistan hal-hazırda özünün renessans dövrünü yaşamaqdadır. Prezident Şəvkət Mirziyoyev tərəfindən elan edilən “Yeni Özbəkistan” hədəfləri uğurla reallaşdırılmaqdadır. Prezident Şəvkət Mirziyoyevin “Yeni Özbəkistan” hədəfləri ilə Prezident İlham Əliyevin “Yeni Azərbaycan” hədəflərinin ortaq cəhətləri ondan ibarətdir ki, hər ikisi iqtisadi-siyasi islahatların reallaşdırılmasında qeyd etdikləri “Bizim maraqlarımız” ideyası ilə çıxış edir və bu maraqlar yalnız ölkələrin daxili ilə məhdudlaşmır. Bu hədəflər ölkələrin yerləşdiyi regionun və strateji tərəfdaşların maraqlarını da nəzərə alır. Hər iki lider yaxşı anlayır ki, dayanıqlı investisiya mühiti yalnız daxili deyil, həm də regional sabitliklə bağlıdır və bunun təmin edilməsi üçün birgə əməkdaşlığa açıqdırlar.
Azərbaycan və Özbəkistan liderlərinin ortaya qoyduğu yeni vizyon konstruktiv, birləşdirici və balanslı xarici siyasət anlayışı ilə həm Şərq-Qərb, həm də TDT kontekstində bir körpü yaratmaqdadır. Azərbaycan-Türkiyə arasındakı strateji əlaqələrin Prezident Şəvkət Mirziyoyevin sabah Bakıya başlayacaq dövlət səfəri ilə daha da genişlənəcəyini indidən əminliklə söyləmək olar.