"Məhsullardan dəmir və metal çıxması çox ciddi və qəbuledilməz haldır"- Eyyub Hüseynovdan AÇIQLAMA

"Məhsullardan dəmir və metal çıxması çox ciddi və qəbuledilməz haldır"- Eyyub Hüseynovdan AÇIQLAMA
16:27

"Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi yalnız məhsulların təhlükəsizliyini təmin edir. Keyfiyyət məsələsi isə ortada qalıb."

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"2013-cü ildə Amerikadan olan bir beynəlxalq təşkilat, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə bağlı ölkədə “Azərbaycan mallarının rəqabətə davamlılıq” layihəsini həyata keçirirdi. Bu 5 illik bir layihə idi. Layihənin sonunda, həmin beynəlxalq qurum,  Azad İstehlakçılar Birliyinə,  istehlakçılarının böyük inamın və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığnı nəzərə alaraq  bizə müraciət etdilər ki, Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını müəyyən edək. Beynəlxalq və yerli  ekspertlərin köməyi ilə bu nişanı bəzi məhsullara tətbiq edək ki, istehlakçılar həmin mallara üstünlük versinlər.

Biz əməkdaşlarımızla birlikdə rəy sorğuları keçirdik. Sonra nişan dövlət qeydiyyatına alındı. Dövlət orqanlarına məlumat verildi. Biz 5 müəssisəyə, o cümlədən SAB və Zəhmət Ruzi adlanan şirkətlərə həmin nişanı verdik. Hazırda SAB məhsullarının, xüsusilə süd məhsullarının üzərində “Azad İstehlakçılar Birliyi” tərəfindən təsis olunmuş “Qida Təhlükəsizliyi Nişanı” var. Həmin nişanın tələblərinə əsasən, mütləq ildə bir dəfə orada monitorinq, qiymətləndirmə aparılmalıdır və s.

Lakin nişan verildikdən sonra SAB müəssisəsi və ya Zəhmət Ruzi heç kimə yaxın durmağa imkan vermədi. Biz 2013-ci ildən bəri həmin müəssisəyə bir dəfə də olsun ictimai yoxlanış apara bilməmişik. Heç bir şəxs ora daxil olaraq baxış keçirə bilməmişdir. Amma buna baxmayaraq, nişandan istifadə edilir. Bu da bir daha göstərir ki, bu müəssisə özünü bağlı, qapalı elan etmiş bir quruma çevrilib. Heç kim orada nə monitorinq keçirə bilər, nə də baxış edə bilər. Hətta beynəlxalq səviyyədə verilmiş nişanın vəziyyətini yoxlamaq da mümkün deyil. Təəssüf ki, bu cür hallar var.

Bizim ofisə daxil olan kolbasa nümunələrinin içindən insan dişi, dırnaq, tük və.s. çıxması hallarına rast gəlinib. Amma dəmir çıxması artıq çox qeyri-adi bir haldır. Mən qeyd edim ki, özünə hörmət edən və əhəmiyyətli müəssisələrdə “metal detektor” deyilən cihaz olur. Metal detektorun qarşısından məhsul keçirilir, əgər tərkibində metal və ya ona oxşar nəsə olarsa, müəyyən edilir və məhsul zibilə atılır. Deməli, orada, həmin müəssisədə tam antihigiyenik bir vəziyyət var ki, hətta metal hissəcikləri də içəridə qalıb.

Düzdür, belə hallar bəzən həmin müəssisə ilə rəqabətdə olan digər müəssisələrin işi də ola bilər. Və yaxud oradan qovulmuş işçilərin də əməyi ola bilər. Amma bir mənalı şəkildə deyə bilərik ki, SAB  müəssisəsi qapılarını bağlayaraq heç kimin müdaxilə edə bilmədiyi bir yerə çevrilmişdir. Belə bir şəraitdə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti tənqid olunmalıdır. Əslində, Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində  cəld yoxlama imkanları yoxdur. Bu əsasnamə dəyişdirilməlidir.

Hökumətin özəl qurumlara müdaxilənin qarşısını alma siyasətini biz də dəstəkləyirik. Heç kim rüşvət verməsin, heç bir qurum bu cür müdaxiləyə yol verməsin. Çünki axırda verilən rüşvətin yükü yenə də istehlakçının üzərinə düşür. Lakin qida sənayesində dövlət qurumları tərəfindən sürətli və informasiya əsaslı müdaxilələr təmin olunmalıdır.

Təəssüf ki, bu cür müdaxilələr mümkün deyil. Heç bir dövlət qurumu ani olaraq xəbərdarlıq etmədən yoxlama keçirə bilmir. Başqa sözlə, Qida Təhlükəsizliyi Agentliyinin əl-qolu bağlı olan bir şəraitdə bu cür hallar müşahidə olunur.

Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi yalnız məhsulların təhlükəsizliyini təmin edir. Keyfiyyət məsələsi isə ortada qalıb. Demək  olar ki,  keyfiyyəti ilə heç kim məşğul olmur. Və belə müəssisələr bu vəziyyətdən sui-istifadə edir. Mən demirəm ki, bu istisna olunmur. Qeyri-qanuni heyvan ətlərinin bəzi ət istehsal müəssisələrinə daxil olması da mümkündür. Ölkənin əmtəə bazarında etiketsiz bir çox kolbasa və sosiska məhsulları var. Xüsusən də ara marketlərdə bunlar satılır. Və deyirik ki, bazarda olan SAB və ya Halal Ruzi şirkətinin belə məhsullardan dəmir və metal çıxması çox ciddi və qəbuledilməz haldır.

Bu o deməkdir ki, orada sanitariyadan danışmaq mümkün deyil. Təəssüf ki, müəssisələrin rəhbərliyi də heç bir izahat vermir. Bu isə o deməkdir ki, “biz nə istəyiriksə, onu da edirik”. Bu isə birbaşa istehlakçının hüquqlarının pozulmasıdır. Dövlətin istehlak siyasətinin bərbad vəziyyətdə olmasının bir göstəricisidir."- deyə fikirlərini bildirib. 


Sizin reklam burada
Sizin reklam burada