Kiyev ABŞ yardımı olmadan iyuna kimi döyüşə biləcək -"CNN"

Kiyev ABŞ yardımı olmadan iyuna kimi döyüşə biləcək -"CNN"
04 Mar 2025 10:50

Xəbər verdiyimiz kimi ABŞ Ukraynaya hərbi yardımları dayandırıb. Xarici KİV bunu şok addım kimi qiymətləndirir. Məsələn, CNN yazıb ki, Ukrayna ABŞ-nin yardımları ləğv etməsindən sonra bir neçə həftə və ya ola bilsin ki, yalnız 2025-ci ilin iyun ayına kimi hərbi əməliyyatların hazırkı tempini saxlaya biləcək. Telekanal avropalı rəsmilərdən birinə istinad edib. 

Qeyd olunur ki, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası səlahiyyət müddətinin bitməsinə az qalmış Ukraynaya silah tədarükünü sürətləndirmişdi. O, Kiyevi modernləşdirilmiş silahların böyük ehtiyatları ilə təmin etdi.

Telekanalın məlumatına görə, Amerika artilleriyasının təchizatı dayansa, bunu Avropa ölkələrindən gələn yardımlar əvəz edə bilər. Lakin Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi ən müasir silahlar Amerikadan gəlir.

Qeyd edək ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. 



Tural


Sizin reklam burada
Sizin reklam burada