Ermənistanda həbsdə olan rusiyalı iş adamı Karen Karapetyana qarşı yeni ittihamlar irəli sürülüb.
News365.az xəbər verir ki, bu barədə onun vəkilləri tərəfindən yayılan rəsmi bəyanatda qeyd olunur.
Bildirilir ki, Karapetyana qarşı "bir neçə şirkətin fəaliyyəti nəticəsində əldə edilən pulların yuyulması" maddəsi ilə yeni cinayət işi açılıb. Lakin vəkillər bu ittihamların heç bir konkret fakt və sübuta əsaslanmadığını bildirərək onları "əsassız" adlandırıblar.
Vəkillərin sözlərinə görə, Ermənistanda son dövrlər "pul yuma" ittihamı siyasi motivli təqiblər üçün geniş istifadə edilən vasitəyə çevrilib.
Onlar qeyd edirlər ki, bu cür ittihamlar əsasən hakimiyyətin siyasi rəqiblərinə qarşı yönəlir və hüquqi deyil, siyasi xarakter daşıyır:
“Son vaxtlar Ermənistanda “pul Yuma” ittihamı ən çox tətbiq edilən cinayət maddəsinə çevrilib və bu, demək olar ki, yalnız siyasi məqsədlərlə, müəyyən şəxslərə qarşı repressiya vasitəsi kimi istifadə olunur”, – deyə Karapetyanın vəkilləri vurğulayıblar.
Qeyd edək ki, Karen Karapetyan bir müddət Ermənistanın siyasi və iqtisadi həyatında fəal fiqur kimi çıxış edib və onun müxtəlif biznes strukturları ilə əlaqəli olduğu bildirilir. Vəkillər hesab edirlər ki, bu cinayət işinin məqsədi Karapetyanın nüfuzuna xələl gətirmək və onu ictimai-siyasi müstəvidən tamamilə uzaqlaşdırmaqdır.