29 oktyabr 2026-cı il tarixində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Rəqəmsal Gələcək” – Region gənclərinin virtual məşğulluğuna dəstək layihəsi çərçivəsində maarifləndirici təlim təşkil olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi,
Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə
həyata keçirilən layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin rəqəmsal
bacarıqlarını inkişaf etdirmək, onların müasir əmək bazarının imkanları barədə
məlumatlılığını artırmaq və virtual məşğulluğa çıxışını dəstəkləməkdir.
Tədbirdə layihə rəhbəri Vüsalə Hümbətli iştirakçılara layihənin
məqsədi, əsas vəzifələri və həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər barədə
ətraflı məlumat verib. O, müasir dövrdə rəqəmsal bacarıqların gənclərin peşəkar
inkişafında və məşğulluq imkanlarının genişləndirilməsində mühüm rol oynadığını
vurğulayıb.
Daha sonra təlimçi Tacəddin İbadov tərəfindən virtual məşğulluq,
frilans fəaliyyəti, süni intellekt texnologiyalarından istifadə, rəqəmsal iş alətləri
və onlayn əmək bazarının imkanları mövzularında təlim keçirilib. İştirakçılara
internet üzərindən gəlir əldə etmək imkanları, məsafədən iş modelləri və müasir
texnologiyaların gündəlik əmək fəaliyyətində tətbiqi barədə məlumat verilib.
Təlim zamanı gənclərin rəqəmsal mühitdə öz imkanlarını
reallaşdırması, yeni bilik və bacarıqlar qazanması, eləcə də virtual əmək
bazarına inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, “Rəqəmsal Gələcək” layihəsi region gənclərinin
müasir əmək bazarına hazırlanmasına və onların virtual məşğulluq imkanlarından
daha səmərəli istifadə etməsinə dəstək göstərməyi hədəfləyir.