İran ətrafında hərbi gərginlik: ABŞ donanması bölgədə cəmləşir

İran ətrafında hərbi gərginlik: ABŞ donanması bölgədə cəmləşir
14:10

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə hərbi fəaliyyətini genişləndirdiyi bildirilir. Məlumatlara görə, İran ətrafındakı sularda Vaşinqtonun genişmiqyaslı dəniz qüvvələri yerləşdirilib.

News365.az-ın yaydığı xəbərə əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun məlumatında qeyd olunur ki, bölgədə ümumilikdə 25-ə yaxın hərbi gəmidən ibarət qrup fəaliyyət göstərir.

Məlumata görə, ABŞ-ın “USS Abraham Lincoln” və “USS George H.W. Bush” təyyarədaşıyan gəmiləri hazırda Ərəb dənizində döyüş növbətçiliyi həyata keçirir. Bu gəmilərin tərkibində qırıcılar, erkən xəbərdarlıq və elektron müharibə təyyarələri daxil olmaqla 100-dən çox hərbi hava vasitəsinin olduğu bildirilir.

Bununla yanaşı, Hörmüz boğazı və Oman körfəzi istiqamətində də ABŞ hərbi qüvvələrinin aktivliyi müşahidə olunur. Bölgədə idarəolunan raket sistemləri ilə təchiz edilmiş esmineslər, sahil döyüş gəmiləri və minaaxtaran hərbi vasitələrin yerləşdirildiyi qeyd edilir.

Mənbənin məlumatına görə, Oman körfəzində dəniz piyadalarını daşıyan amfibiya desant qrupu da fəaliyyət göstərir. Qrupun tərkibinə bir neçə iri desant gəmisinin daxil olduğu bildirilir.

Hesabatda vurğulanır ki, sözügedən hərbi qüvvələr yalnız patrul missiyaları ilə məhdudlaşmır. Onların bölgədə təhlükəsizlik əməliyyatları və İran limanları ətrafında nəzarət tədbirlərində iştirak etdiyi iddia olunur.

Regionda hərbi aktivliyin artması ABŞ-İran münasibətlərindəki gərginliyin fonunda diqqətlə izlənilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada