İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu və daha 406 nəfər haqqında mütəşəkkil cinayətkar qrup işi üzrə ilk məhkəmə iclası bu gün başlayır.
News365.az yerli KİV-ə istinadən xəbər verir ki, işə İstanbul 40-cı Ağır Cəza Məhkəməsi baxır. Proses Marmara qapalı həbsxana kompleksində keçirilir və dinləmələrin aprelin sonuna qədər həftədə 4 gün davam etməsi planlaşdırılır.
İttihamnaməyə əsasən, iş üzrə 407 nəfər təqsirləndirilir, onlardan 105-i həbsdə, 7 nəfər qaçaqdır. Prokurorluq İmamoğlunu cinayət təşkilatının lideri adlandırıb.
İmamoğlu və digər təqsirləndirilən şəxslər aşağıdakı cinayətlərdə ittiham olunurlar:
cinayət məqsədli təşkilat yaratmaq və idarə etmək, rüşvət və korrupsiya, dövlət qurumlarına qarşı fırıldaqçılıq, tender saxtalaşdırılması, çirkli pulların yuyulması, şəxsi məlumatların qanunsuz əldə olunması və yayılması, dövlət əmlakına ziyan vurmaq, sübutların gizlədilməsi və ictimaiyyətə yanlış məlumat yayılması
Prokurorluğun hesablamasına görə, təşkilatın fəaliyyəti nəticəsində təxminən 160 milyard türk lirəsi və 24 milyon dollar həcmində zərər yaranıb.
İttihamnamədə Ekrem İmamoğlu üçün 849 ildən 2430 il 6 aya qədər həbs cəzası tələb olunur.
Məhkəmə iclasları əvvəlcə təqsirləndirilən şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və ittihamnamənin xülasəsinin oxunması ilə başlayacaq.