İki din var...- Tural İrfan yazır

İki din var...- Tural İrfan yazır
09:18
Həzrət İsa Məsih mövhumatı, cəhaləti, xurafatı, təhrif olunmuş dini hökmləri tənqid edib deyirdi: niqtiniz zikir, sükutunuz təfəkkür, baxışınız ibrət olsun. Onu cəmiyyət "kafir" adlandırıb çarmıxa apardı. Həzrət Muhəmməd bütpərəstliyi, vəhşiliyi, mövhumatı tənqid edib deyirdi: elm Çində də olsa gedib onu beşikdən qəbrədək öyrənin. Onu da "dəli, şair, sehrbaz" elan edib daş-qalaq etdilər. Sağlığında bir az tövsiyələrinə əməl edib vəfat edən kimi yenidən tədricən cəhalət dövrünün vəhşətinə döndülər. Beləcə onun da gətirdiyi qaydalar təhrif olundu.
Məhəmməd Hadi, Sabir, Haqverdiyev, Mirzə Cəlil də əslində dövrlərinin mücəddidləri idi. Yəni, islahatçı, maarifçi simalar olaraq elmi, mənəviyyatı, əxlaqı, mədəniyyəti təbliğ edirdilər ki, əslində dinin də fəlsəfəsi bundan ibarətdir. Lakin özünü dindar adlandıran vəhşi molla sürüsü isə onları kafir sayıb söyür, təhqir edir, mürtəd elan edirdilər.
Gəncəli Şeyxülislam Pişnamazzadə kimi ilahiyyatçı - alimlərin də dövrün nəbzini tutaraq böyük uzaqgörənliklə tutduğu mövqeyə dəstək verən "dindar" zümrə yox idi. Hacı Zeynəlabidinin açdığı qızlar məktəbinə qarşı min cür şayiələr yayanlar da istismarçı ruhanilər təbəqəsinin cəhalət kabusuna bürünmüş propaqandaçıları idi.
İndi də elədir. Dinimizi, bidət, xurafat, mövhumat quyusundan çıxarıb olduğu kimi camaata təqdim etmək istəyirik, dərhal quzğun kimi tökülüşürlər, başlayırlar uydurma nağıllar paylaşıb təhqir, söyüş yağdırmağa. Zaman, dövr dəyişsə də düşüncələr hələ dəyişməyib. Dünən Şeyx Nəsrullahın ölü diriltməsinə inananlar bu gün də inanır. Əksinə bu günün cəhaləti, mövhumat və xurafatı dünənkindən daha "mütərəqqi, daha müasirdir."
Mövhumata, xurafata, cəhalətə din donu geyindiriblər. Necə ki, müşriklər bütlərə Tanrı obrazı vermişdilər. Peyğəmbərlər bütlərə qarşı çıxanda onları kafir elan edib, dinsiz kimi daşqalaq edirdilər. İndikilər də əsl dini məhv edib onun yerinə din donunda cəhalət, xurafat, mövhumatı qoyublar. Kim də həmin cəhalətə qarşı çıxırsa dərhal onu kafir, mürtəd elan edirlər. Çünki cəhalət əhlinin əsl dindən fərqli olaraq özlərinə yaratdıqları süni din obrazı var. Əslində həqiqətdə iki din var: Allahın nazil etdiyi həqiqi din və cəhalət əhlinin uydurub adını din qoyduğu uydurma din.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada