Telefonların, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələr arasında məhdudlaşdırılması təklif edilir.
News365.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat “İdrak” liseyində baş verən hadisəyə də toxunub.
“Bu gün xüsusilə ağıllı telefonların, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü – gündən daha da artmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbili çalınmaqdadır. Düşünürəm uşaq və yeniyetmələrin bu zərərli təsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlər barədə ciddi düşünməyə ehtiyac var. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var”.
C. Məmmədov vurğulayıb ki, artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Artıq bir sıra Avropa ölkələri, o cümlədən İtaliya və İspaniyada artıq qərar və qanunların qəbul olunmasına başlanılıb.
“Düşünürəm ki, artıq ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac var. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərin qarşısını almaq daha da çətinləşəcək.
Heç şübhəsiz ki bu məsələdə həm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə işinə daha çox diqqət yetirməli, onlarla daha çox ünsiyyətdə olmalıdırlar” – sonda deputat vurğulayıb.