Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda yerləşən
“İdrak” liseyinin qarşısında silahlı insident baş verib. Liseyin 10-cu sinif
şagirdi 28 yaşlı müəllimi – Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib.
Nəticədə müəllim xəstəxanaya, şagirdsə barmaqlıqlar arxasına
düşüb.
Nəzərə alaq ki, son zamanlar məktəblərdə buna bənzər insidentlər
tez-tez baş verir.
Bəs, səbəb nədir?
Mövzu ilə bağlı News365.az-a danışan professor, təhsil üzrə
ekspert Fərrux Rüstəmov deyib ki, bu gün məktəblərdə müəllim-şagird
münasibətləri ciddi problemlərlə üzləşib:
“Şagirdlər müəllimlərini əsəbiləşdirir, videolarını çəkib sosial şəbəkələrdə
paylaşır, onlara cavab qaytarır, hədələyir və hətta fiziki xəsarət yetirirlər.
Bəzi hallarda aqressiya o həddə çatır ki, müəllimlərə bıçaqla xəsarət yetirilir
və ya güllə atılır. Bu, dəhşətlidir. Bir insan ki, sizə elm öyrədir, sizə təhsil
verir, ona necə əl qaldırmaq, onu necə təhqir etmək və hədə-qorxu gəlmək olar?
Axı, Həzrət Əli demişdi: “Mənə bir hərf öyrənin, quluyam."
Problemin kökündə dayanan səbəblərdən danışan professor bildirib
ki, əsas səbəb ailə mühiti və uşağın tərbiyəsidir:
“Uşaqlar evdə düzgün davranış modelləri öyrənmədikdə, hörmət və məsuliyyət
anlayışı zəifləyir və bu, məktəbdə müəllimlərə qarşı aqressiv davranışlara
çevrilir.
Bundan əlavə, şagirdlərin hərəkətləri demək olar ki, çılovlanmır.
Müəllim şagirdin davranışına sərt müdaxilə edə bilmir, çünki hər addımında təzyiq
altındadır və bəzən şikayət əsasında işini itirə bilər. Bu isə şagirdlərdə “istədiyim
hərəkəti edə bilərəm” fikrini gücləndirir. Nəticədə məktəb mühiti dəyişir: müəllim
şagirddən çəkinir, şagird isə müəllimə qarşı sərhədsiz davranır. Aqressiv
valideynlər isə uşağını tənzimləyən müəllimi məhkəmə ilə hədələyir, “üst-başını
qaydaya sal” və ya “saçını kəsdir” deyən müəllimləri təzyiq altına alır”.
Müsahibimiz hesab edir ki, sosial media və mobil telefonlar da bu
problemi gücləndirir:
“Şagirdlər müəllimləri çəkib paylaşmaqla, onları ictimai təzyiq
altında qoymaqla impulsiv və aqressiv davranışlarını artırırlar. Məktəb həyatı əvvəlki
rəngarəngliyini itirmək üzrədir: hər şey testləşdirilib, uşaqların əxlaqi və mənəvi
dünyası unudulub, hamını yalnız şagirdin intellektual uğurları maraqlandırır.
Müəllimlərdə şagirdlərlə əlavə işləməyə maraq və həvəs azalıb. Yeni nəsil
uşaqlarla işləmək getdikcə çətinləşir. Ailədə uşağın tərbiyəsində yol verilən
boşluqlar, hörmət və məsuliyyət anlayışının zəif olması, müəllimə edilən təzyiq
və onun səlahiyyətlərinin məhdudlaşdırılması, şagirdlərin hərəkətlərinin
çılovlanmaması və məsuliyyət hissinin zəifliyi, sosial media və texnologiyanın
aqressiv davranışları gücləndirməsi... Nəticədə yaranan vəziyyət çox ciddi
sosial və pedaqoji problemə çevrilir. Müəllimlər öz şagirdlərindən qorxur, təhsil
mühiti gərginləşir və məktəb bir cəmiyyət modeli olaraq normal davranış və
intizamı qorumaqda çətinlik çəkir".
News365.az