“Zaman imkan
vermədiyi üçün bir neçə gün əvvəl Mərkəzi Bankının dəvət etdiyi İnteraktiv
Statistik Məlumat Bazasının təqdimatında iştirak edə bilməmişdim. Yalnız indi
bu interaktiv platforma ilə tanış oldum və tam səmimiyyətimlə deyirəm: çox
sevindim.
Sadə bir səbəb
deyim: Mərkəzi Bankın saytındakı statistika bölməsində 8 yarımbölmə var və
onların hər birində saysız-hesabsız Excel cədvəlləri yerləşdirilib. Ümumilikdə
100-dən çox belə fayllar vardı. Hər hansı əsas göstərici ilə tanış olmaq üçün
xeyli vaxt və resurs sərf olunurdu. Saytın strukturunu bilməyən, məlumat axını
ilə işləmək təcrübəsi olmayan jurnalistlər, tələbələr və sıravi vətəndaşlar
üçün o məlumatlar, sözün əsl mənasında, çox "dərində" idi”.
Bunu News365.az-a
söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, bildirib ki, bu
platforma jurnalistlər, tələbələr, analitiklər və qərarvericilər üçün məlumatların
əlçatanlığı baxımından mühüm imkanlar yaradır:
“Ən əsası isə,
məlumatlar köhnəlmədən və real vaxt rejimində təqdim olunur.
Bəlkə də
bütün qurumların saytlarında belə imkanlar olsaydı, Mərkəzi Bankın bu təşəbbüsü
məni bu qədər sevindirməzdi. Axı insan adiləşmiş, normaya çevrilmiş hallara o qədər
də sevinmir. Amma hazırkı reallıqda bu təşəbbüs müasir idarəçilikdə
kommunikasiyanın necə olmalı olduğuna dair nümunə sayıla bilər.
Buna görə də
Mərkəzi Bank komandasına təşəkkür edirəm!
Sonda bir məsələni
də qeyd edim ki, təqdim olunan platformada bəzi statistik sahələr üzrə məlumat
çatışmazlığı hiss olunur. Ümid edirəm ki, gələcəkdə bu boşluqlar da
doldurulacaq və platforma daha da təkmilləşdiriləcək”.
News365.az