Havada bütün işıqlar söndü - Trampın təyyarəsi geri qayıtdı

Havada bütün işıqlar söndü - Trampın təyyarəsi geri qayıtdı
09:54

ABŞ Prezidenti Donald Trampı Davosda keçirilən Dünya İqtisadi Forumuna aparan təyyarə İsveçrəyə uçarkən geri dönərək Endryus aviabazasına qayıdıb.

News365.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Ağ Evin mətbuat katibi Karolayn Livittin sözlərinə görə, geri qayıtmaq qərarı ekipaj tərəfindən “elektronika ilə bağlı cüzi problem” aşkar edildikdən sonra qəbul edilib.

Gözlənilir ki, Tramp bazaya qayıtdıqdan sonra başqa təyyarəyə minərək Davosa yola düşəcək. Daha sonra Reuters dövlət başçısının təyyarəsinin uğurla eniş etdiyini bildirib.

Yanvarın 19-da Davosda “Dialoq ruhu” şüarı altında keçirilən Dünya İqtisadi Forumunun 56-cı sessiyası başlayıb. Forumda 60-dan çox ölkə və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri, həmçinin 800-dən artıq biznes nümayəndəsi iştirak edir. ABŞ prezidentinin bu gün forumda çıxış etməsi gözlənilir.

Uçuşdan əvvəl Tramp Davosa səfərinin maraqlı olacağını və “orada nə baş verəcəyindən anlayışının olmadığını” bildirib. ABŞ nümayəndə heyəti forumda ən geniş tərkibli heyət olacaq.

Heyətə dövlət katibi Marko Rubio, maliyyə və ticarət nazirləri, ticarət nümayəndəsi Ceymison Qrir, xüsusi elçi Stiven Uitkoff, Trampın kürəkəni Cared Kuşner və Konqres üzvləri daxildir.

Rusiya rəsmi olaraq foruma dəvət olunmayıb. Buna baxmayaraq, Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Davosa gəlib və forum çərçivəsində Stiven Uitkoff və Cared Kuşner ilə görüş keçirib.


Sizin reklam burada
Sizin reklam burada