Süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı əmək bazarında yeni imkanlar yaratmaqla yanaşı, gənclərdən müasir bilik və bacarıqlara yiyələnməyi tələb edir. Bu baxımdan region gənclərinin rəqəmsal savadlılığının artırılması və onların yeni məşğulluq modellərinə hazırlanması xüsusi əhəmiyyət daşıyır.
29 oktyabr 2026-cı il tarixində İsmayıllı Dövlət Peşə Təhsil
Mərkəzində “Rəqəmsal Gələcək” – Region gənclərinin virtual məşğulluğuna dəstək
layihəsi çərçivəsində bu istiqamətdə təlim təşkil olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi
ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata
keçirilən layihə çərçivəsində iştirakçılar müasir rəqəmsal əmək bazarının tələbləri
və texnoloji yeniliklərin yaratdığı imkanlar barədə məlumatlandırılıblar.
Təlimçi Tacəddin İbadov çıxışı zamanı süni intellekt alətlərinin
müxtəlif fəaliyyət sahələrində tətbiqi, onların iş prosesində səmərəliliyin
artırılmasına təsiri, virtual məşğulluq modelləri və frilans fəaliyyətinin
xüsusiyyətləri haqqında danışıb.
Təlimdə xüsusilə süni intellektdən düzgün və məqsədyönlü
istifadə, rəqəmsal alətlərin gündəlik iş fəaliyyətinə inteqrasiyası, internet
üzərindən xidmət göstərmək və onlayn əmək bazarında mövcud imkanlardan
yararlanmaq məsələləri diqqət mərkəzində olub.
Layihə rəhbəri Vüsalə Hümbətli isə layihənin məqsəd və vəzifələri
haqqında məlumat verərək bildirib ki, əsas hədəf region gənclərinin rəqəmsal
bacarıqlarını gücləndirmək və onların müasir məşğulluq imkanlarına çıxışını
genişləndirməkdir.
Təşkilatçılar hesab edirlər ki, rəqəmsal biliklərin
artırılması və süni intellekt texnologiyalarından istifadənin öyrənilməsi gənclərin
gələcək peşəkar fəaliyyətində yeni imkanlar yarada bilər.