Fransada büdcə müzakirələrinin qızğın çağında hökumət gözlənilmədən hücuma keçərək açıq mesaj verib: Kabineti devirməyə yönələn istənilən cəhd Milli Assambleyanın vaxtından əvvəl buraxılması ilə nəticələnə bilər. Üstəlik, bu seçkiləri artıq yazda - bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirmək mümkün ola bilər.
News365.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.
Baş nazir Sebastian Lekornu üçün narazılıq doğuran səbəblər kifayət qədərdir. Əvvəlcə ekoloqlar və kommunistlər danışıqları nümayişkaranə şəkildə boykot edərək tələblərini sərtləşdiriblər. Ardınca ifrat sağçı Milli Birləşmə və ifrat solçu Tabe Olmayan Fransa partiyaları demək olar ki, eyni vaxtda hökumətə qarşı etimadsızlıq səsverməsi irəli sürəcəklərini elan ediblər. Səbəb Avropa İttifaqının Latın Amerikası ilə azad ticarətə dair MERKOSUR sazişini qəbul etməsi olub. Halbuki Emmanuel Makron əvvəlcədən Fransanın bu müqavilənin əleyhinə səs verəcəyini vəd etmişdi. Sebastian Lekornunun fikrincə, bu addımlar gələn il üçün dövlət büdcəsi üzrə çətinliklə əldə olunan kompromisi pozmağa yönəlmiş siyasi təxribatdır.
Fransanın 2026-cı il dövlət büdcəsini 31 dekabradək qəbul etmək mümkün olmayıb. Bu səbəbdən parlament büdcənin olmamasını kompensasiya etmək və dövlət aparatının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi daşıyan xüsusi qanunu təsdiqləmək məcburiyyətində qalıb. Cümə axşamı deputatlar maliyyə komissiyasında büdcə layihəsinin müzakirəsini bərpa ediblər və cümə günü sənədin gəlir hissəsi böyük ölçüdə rədd olunub. Bu isə gələn həftə başlayacaq plenar iclaslarda razılaşma əldə ediləcəyinə ümidləri xeyli azaldır.
Elə həmin cümə günü məlumatlı mənbələrin bildirdiyinə görə, Emmanuel Makron və Sebastian Lekornu hökumətə qarşı etimadsızlıq votumuna mümkün cavabı müzakirə ediblər. Bu cavab açıq xəbərdarlıq xarakteri daşıyır: Etimadsızlıq votumu Milli Assambleyanın buraxılması demək olacaq.
Bir il öncə bu addımı artıq atan prezident, görünür, zərurət yaranarsa, onu təkrarlamağa da hazırdır. Təhdidin boş söz kimi qalmaması üçün baş nazir daxili işlər naziri Loran Nunezə vaxtından əvvəl parlament seçkilərinin bələdiyyə seçkiləri ilə eyni vaxtda - 15 və 22 mart tarixlərində keçirilməsinin texniki imkanlarını araşdırmağı tapşırıb.
Formal olaraq bu ideya yeni deyil. Hələ payızda Nazirlər Şurasının iclasında Makron prinsip kimi belə bir formul irəli sürmüşdü: "Hökumətə etimadsızlıq səsverməsi parlamentin buraxılmasına bərabərdir".
Baş nazir büdcə məsələsində sosialistlərlə qeyri-rəsmi "hücum etməmək paktı”na ümid etsə də, onun küçə təzyiqinə və partiyadaxili parçalanmalara tab gətirəcəyinə zəmanət verən yoxdur. İndi bu formul yenidən gündəmə gətirilib və ilk növbədə tərəddüd edən solçu deputatlara, xüsusilə də hökuməti zəiflətmək istəyi ilə deputat mandatlarını itirmək qorxusu arasında qalan sosialistlərə ünvanlanıb.
Gələn həftədən büdcə müzakirələri parlamentə qayıdır. Sebastian Lekornu hökumətin klassik büdcə səsverməsinin baş tutmaya biləcəyini qəbul etməsinə baxmayaraq, iclas zalında şəxsən iştirak etməyi planlaşdırır. Hakimiyyətin ehtiyatında iki mexanizm qalır: Konstitusiyanın səsverməsiz qanun qəbuluna imkan verən 49.3-cü maddəsi (bu halda hökumət etimadsızlıq riski ilə üzləşir) və ya prezidentin birbaşa fərmanları. Sebastian Lekornu sələflərindən fərqli olaraq 49.3-cü maddədən istifadə etməyəcəyini desə də, şəraitin onu bu vəddən döndərib-döndərməyəcəyi sual altındadır.
Qeyri-rəsmi söhbətlərdə baş nazir etiraf edir ki, sosialistlər həqiqətən kompromis üzərində işləyirlər və parlamentin buraxılmasından yayınmaq şansı hələ qalır. Lakin vaxt getdikcə azalır.
Büdcənin bir çox həssas maddələri üzrə razılaşma əldə edilməlidir. Sebastian Lekornu üçün sərt son tarix var: büdcə yanvarın sonunadək qəbul edilməlidir. Əks halda ölkə xəzinəyə böyük itkilər gətirən və yeni islahatların başlanmasını iflic edən müvəqqəti maliyyə sxemi ilə yaşamağa davam edəcək.
Milli Assambleyanın buraxılması hələlik qərar deyil, təhdid olaraq qalır. Lakin Fransa siyasətində təhdidlər nadir hallarda boş olur. Əgər hökumət devrilərsə, prezident böyük ehtimalla mövcud parlament böhranı şəraitində yeni baş nazir axtarmaqdansa, sözü yenidən seçicilərə verməyi üstün tutacaq. Yeganə sual deputatların prezidentin bu təhdidinə inanıb-inanmayacağı və prezidentin ötən dəfə uduzduğu seçkilərə yenidən mərc qoymağa hazır olub-olmamasıdır.