Fotosessiya “Ramiz Mehdiyev dövlət maraqlarına xidmət etməyib” - Deputat

Fotosessiya  “Ramiz Mehdiyev dövlət maraqlarına xidmət etməyib” - Deputat
09:33
"Ümummilli Liderimiz Heydər Əliyev, cənab Prezident İlham Əliyev həmişə Ramiz Mehdiyevə etibar edib, etimad göstəriblər. Lakin Ramiz Mehdiyev bütün planlarını dövlətə, dövlətçiliyə, xalqımıza qarşı, və milli maraqlarımızın əleyhinə istifadə edib”.

Bu sözləri Milli Məclisin deputatı Azər Badamov deyib. 

O bildirib ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında qəti və monolit şəkildə birləşib: 

"Ramiz Mehdiyev, Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli. Bu dörd, bəlkə də daha neçə-neçə insan. Hələ ki, bu dörd nəfər ətrafında baş verən son hadisələr bir amili bir daha sübut etdi. Dövlətin və xalqın bu məsələyə də baxışı üst-üstə düşür. Bu adların, onların törətdikləri əməllərin cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanması Azərbaycanda hökm sürən xalq-iqtidar birliyini bir daha sübut edir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında qəti və monolit şəkildə birləşib. Həmin bu insanların əli ilə edilən cəhdlər isə yeni deyil. Bu istiqamətdə Azərbaycana qarşı daimi təhdidlər, pərdəarxası məqamlar, gizli oyunlar olub”.

A.Badamov vurğulayıb ki, Azərbaycana qarşı təhdidlər hər zaman olub, indi də var:

"Cənab Prezident İlham Əliyev bildirmişdi ki, "Qələbəni qoruyub-saxlamaq onu əldə etməkdən çətindir”. Müdrik Liderimiz heç bir söz kimi, bu sözü də söz xətrinə deməmişdi. Baş verən proseslər bir daha bunu sübut edir. Adları çəkilən insanların planları bir ilin və ya beş ilin məsələsi deyil. Təəssüf ki, dövlətdə ən yüksək vəzifələrə sahib olan Ramiz Mehdiyev illərdir bu əməlləri planlı edirmiş. O, bu istiqamətdə kənardan dəstək almaq qədər irəliyə də gedib, həddini aşıb, amma uzağa gedə bilməyib. Öz amalı üçün nə qədər irəliyə gedibsə, bunu hünər zənn edib”.

Deputat bildirib ki, Ramiz Mehdiyev bütün planlarını dövlətə qarşı qurub:

"Ümummilli Liderimiz Heydər Əliyev, cənab Prezident İlham Əliyev həmişə Ramiz Mehdiyevə etibar edib, etimad göstəriblər.  O, dövlətin inzibati, mərkəzi qurumlarının özəyində söz sahibi olub. Dövlət quruculuğunda, idarəçilikdə  Ramiz Mehdiyevə hər zaman böyük etimad var idi. Lakin Ramiz Mehdiyev bütün planlarını dövlətə, dövlətçiliyə, xalqımıza qarşı, və milli maraqlarımızın əleyhinə qurub. Vaxtı ilə "Milyarderlər İttifaqı”, "Milli Şura” kimi tanınan, öz ağıllarınca dövlət içində dövlət yaratmaq cəhdləri artıq tam anlamı ilə ifşa olub. Bu insanlara Zəfərimiz, Qarabağın və Şərqi Zəngəzərin bərpası, insanlarımızın öz yurdlarına qayıtması deyil, şəxsi ambisiyalarının baş tutması əsas olub”.

Parlamentari qeyd edib ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür:

"Azərbaycan xalqı hər şeyi çox yaxşı görür. Kim ki, vətəninə, milli maraqlarımıza,  dövlətçiliyimizə naxələf çıxır bağışlana bilməz. Hər kəs layiqincə cəzalandırılacaq. Bir daha sübut olunur ki, Ramiz Mehdiyev statusundan istifadə edərək dövlətin maraqlarına xidmət etmirmiş, şəxsi ambisiyalarını qidalandırırmış. Varlanmaq, hər mənada şöhrət qazanmaq, dövlətin həm maliyyə, həm də inzibati resurslarından istifadə edərək güclənmək, davamında yıxıcı addımlar atmaq əsas amal imiş. Hər kəsin birləşməli olduğu bir zamanda, müharibədən daha mürəkkəb bir məqamda dürüst olmaq, dövlət başçısına, dövlətə dəstək olmaq əvəzinə milli maraqlara zidd olaraq bu cür addımlar atmaq təkcə dövlətə xəyanət deyil. Bu, xalqın iradəsinə ziddir və milli maraqlara xəyanətdir”./// AZXEBER.COM



Sizin reklam burada
Sizin reklam burada