"Müalicə altında olan xərçəng xəstələrinin dünyasını dəyişməsi bəzən travmatik fəsadlar, eləcə də ürək-damar xəstəlikləri ilə əlaqəli ola bilər".
News365.az xəbər verir ki, unu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Milli Məclisin sabiq deputatı Fəzail Ağamalının ölüm səbəbindən danışarkən deyib.
Professorun sözlərinə görə, Fəzail Ağamalının sağlığında hansı xəstəlikdən əziyyət çəkməsi ilə bağlı ictimaiyyətə rəsmi açıqlama verilməyib:
"Həkimlər onun ürək tutmasından dünyasını dəyişdiyini bildiriblər. Əgər xərçəng xəstəliyi mövcud idisə, hansı orqanın xərçəngi olduğu aydın deyil. Daha çox ehtimal olunur ki, bu, prostat xərçəngi ola bilər. Lakin yenə də xəstəliyi ilə bağlı dəqiq tibbi məlumatlara ehtiyac var".
Professor Adil Qeybulla xərçəng xəstələrinin adətən immunopreparatlar, kimyəvi tərkibli dərmanlar və digər müalicə vasitələri qəbul etdiyini də xatırladıb:
"Bu preparatlar qanın laxtalanma qabiliyyətini artıra, nəticədə müəyyən ciddi fəsadlara səbəb ola bilər".
Qeyd edək ki, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı müalicə məqsədilə Türkiyənin Ankara şəhərinə gedərkən qaldığı oteldə dünyasını dəyişib. Həkimlərin verdiyi ilkin məlumata görə, onun ölümünə ürək tutması səbəb olub.