"Ermənistan daxilindəki gərginlik xaricdən idarə olunur, məqsəd sülh prosesinə mane olmaqdır".
Politoloq Sahil Kərimli News365.az-a açıqlamasında bildirib ki, bu gün Ermənistanda baş verən hadisələr, gərginliyin artması və radikal, separatçı qüvvələrin fəallaşması təsadüfi deyil. Onun sözlərinə görə, bu proseslərə kilsənin də qoşulması, Ermənistan daxilindəki bəzi dairələrin birbaşa xaricdən, xüsusilə də Rusiyadakı siyasi çevrələr tərəfindən idarə olunmasına işarədir:
“Məqsəd konkret olaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmaqdır. Rusiyadakı bəzi dairələr bu prosesləri qızışdırmağa çalışır. Son dövrlərdə Ermənistan hakimiyyətinin, xüsusilə də Baş nazir Nikol Paşinyanın müəyyən konstruktiv mövqeyi müşahidə olunur. Bu mövqenin formalaşmasında Azərbaycanın ardıcıl siyasəti mühüm rol oynayıb.”
Sahil Kərimli bildirib ki, Azərbaycan son illər ərzində sülh müqaviləsinin imzalanması istiqamətində həm daxili, həm də beynəlxalq arenada mühüm addımlar atıb. Artıq sülhə müəyyən qədər yaxınlaşma hiss olunur:
“Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında baş tutan son 5 saatlıq görüş də göstərdi ki, sülh gündəliyi realdır və müzakirələr intensiv xarakter alıb.”
Politoloq əlavə edib ki, bu prosesin davamı olaraq, bölgədə kommunikasiyaların açılması və Azərbaycanın əsas prioritetlərindən biri olan Zəngəzur dəhlizinin reallaşması da yaxın perspektivdə mümkündür:
“Sülh müqaviləsinin imzalanması ilə yanaşı, nəqliyyat-kommunikasiya məsələlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində də mühüm nəticələrin şahidi olacağıq,” – deyə o bildirib.