Ermənistanın Avropa ilə inteqrasiyasının yalnız siyasi bəyanatlarla deyil, real iqtisadi addımlarla dəstəklənməsinin vacib olduğunu deyən politoloq Elxan Şahinoğlu hesab edir ki, İrəvanın Rusiyadan asılılığını azaltması üçün yeni bazarlara çıxış imkanları yaradılmalıdır.
News365.az-a danışan politoloq bildirib ki, Avropa İttifaqı Ermənistanı dəstəkləmək istəyirsə, bu dəstək konkret iqtisadi mexanizmlərlə müşayiət olunmalıdır:

“Avropa İttifaqı və Avropa dövlətləri Ermənistanın mövcud hakimiyyətini Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırlar. Ancaq təkcə siyasi dəstək kifayət deyil. Avropa bazarları Ermənistan məhsulları üçün daha əlçatan olmalıdır. Standartlar və tələblər elə tənzimlənməlidir ki, Ermənistan öz məhsullarını Avropa bazarına rahat çıxara bilsin”.
Ekspert Türkiyəni nümunə göstərərək qeyd edib ki, Ankara Avropa İttifaqının üzvü olmasa da, gömrük sazişi sayəsində məhsullarını Avropa bazarına ixrac edə bilir:
“Oxşar güzəştlər Ukraynaya da tətbiq olunur. Ermənistan üçün də belə imkanlar yaradılsa, ölkə Rusiya bazarından asılılığını əhəmiyyətli dərəcədə azalda bilər. Ermənistanın nə böyük əhalisi var, nə də çox böyük istehsal potensialı. Kənd təsərrüfatı məhsullarının və digər malların Avropa bazarına çıxışı təmin edilsə, mövcud problemlərin bir hissəsi həllini tapa bilər”.
Elxan Şahinoğlu enerji məsələsinə də toxunaraq bildirib ki, Ermənistanın qaz təminatı sahəsində alternativləri mövcuddur:
“Qaz məsələsi də həllolunmaz problem deyil. Azərbaycan bir çox Avropa ölkəsinə, Türkiyəyə və Gürcüstana qaz ixrac edir. Gələcəkdə Ermənistanla münasibətlər normallaşarsa, bu istiqamətdə əməkdaşlıq da mümkündür. Digər tərəfdən İran da artıq Ermənistana qaz satır və bu sahədə əməkdaşlıq davam edir”.
Politoloqun fikrincə, Ermənistanın gələcək siyasi kursu ölkənin iqtisadi perspektivlərinə birbaşa təsir göstərəcək:
“Əgər Nikol Paşinyan seçkilərdə qələbə qazanarsa, referendum yolu ilə konstitusiya dəyişikliklərinə gedərsə və Azərbaycanla sülh müqaviləsi imzalayarsa, bölgədə yeni reallıq formalaşa bilər. Sərhədlərin açılması və regional kommunikasiyaların bərpası Ermənistan iqtisadiyyatını rahatlaşdıracaq, eyni zamanda Rusiyanın təsir imkanlarını zəiflədəcək”.
Şahinoğlu vurğulayıb ki, Ermənistanın iqtisadi və siyasi manevr imkanlarının genişlənməsi üçün regionda davamlı sülhün təmin olunması əsas şərtlərdən biridir.