Ermənistanın Milli Assambleyasında növbəti dəfə dava düşüb. Yerli medianın yaydığı məlumata görə, insident parlamentin növbədənkənar sessiyasında “Dövlət xidmətlərini tənzimləyən orqan haqqında” və “Energetika haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirə olunduğu iclasda baş evrib. Deputat Ovik Aqazaryan çıxışında bildirib ki, əslində bu addımlar (ENA-nın milliləşdirilməsi-red.) anti-Rusiya əhval-ruhiyyəsini daha da dərinləşdirmək cəhdidir: "Rusiya ilə mübahisələr yaratmaqla başımızı Qərbə tərəf çeviririk! Qərb isə Türkiyədən başlayır və Türkiyə bizim onunla Qərb dünyasına addımlamağımıza başlamağımız üçün deyəcək ki, hazır olun, 300 min qaçqın qəbul etmək lazımdır. Onların bir hissəsi Ermənistana gələcək və hamınız bundan sonra nələrin baş verə biləcəyini yaxşı bilirsiniz. Ona görə də Rusiya tərəfini bizim təxribatlarımıza boyun əyməməyə çağırıram", - Aqazaryan vurğulayıb.
Bundan sonra hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü Arman Eqoyan yerindən qalxaraq “ayıb olsun!” deyə qışqırıb. Aqazaryan isə ona sərt reaksiya verib və ayağa qalxaraq davaya çağırıb. O su qabını deputata tərəf atıb.
Milli Assambleyanın vitse-spikeri Akop Arşakyan Ağazaryanın zaldan çıxarılmasını tələb edərək onun iclasda iştirakını qadağan edib. Hakim partiyanın deputatı Arman Eqoyana da xəbərdarlıq edilib.
Tural