"Ermənistan 324 ildir ki, azadlığımızı məhv etmək üçün hərəkət edir"- Mehman İsmayılov

"Ermənistan 324 ildir ki, azadlığımızı məhv etmək üçün  hərəkət edir"- Mehman İsmayılov
04 Apr 2025 15:02

"Bu gün, Azərbaycanda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq meyli və ya Avrasiya İqtisadi Birliyindən çıxmaq meyli elə analiz olunur ki, sanki biz Ermənistanın Rusiyanın təsirindən çıxmasında maraqlı deyilik kimi görünür."

Politoloq Mehman İsmayılov bu sözləri News365.az-a deyib. 

"Ermənistanın KTMT-dən və Avrasiya İqtisadi Birliyindən çıxması və Qərb yolunu tutması Azərbaycanın maraqlarına uyğun olan məsələlərdir. Rusiyanın və Ermənistanın yaxınlaşması bizim xeyrimizə deyil – bu aydın məsələdir.

Ermənistan 324 ildir ki, dünya erməniliyi ilə birlikdə azadlığımızı məhv etmək, torpaqlarımızı parçalamaq, dövlətçiliyimizi və suverenliyimizi əlimizdən almaq üçün Rusiyanın ssenarilərindən hərəkət edir. Buna görə də, əgər Ermənistan KTMT-dən çıxıb Avrasiya İqtisadi Birliyini tərk edəcəksə, Rusiyanın Cənubi Qafqazdakı təsiri azalacaq və biz bunu dəstəkləməliyik.

İkincisi, Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer Ermənistanda belə bir fikir səsləndirdi ki, Avropa İttifaqına üzvlük məsələsi onilliklərlə davam edəcək. Bu fikir diqqəti yayındırmaq üçündür. Mən sizə deyim ki, əgər Ermənistan Azərbaycanın şərtləri daxilində sülh müqaviləsi imzalayarsa və Avropa İttifaqının aparıcı nüfuzlu ölkələri artıq Ermənistanın Türkiyə və Azərbaycanla mübahisəli ərazilərinin olmadığı qənaətinə gələrsə, KTMT-dən və Avrasiya İqtisadi Birliyindən çıxdığı kimi, Avropa İttifaqı da Ermənistanın üzvlük məsələsini sürətlə gündəmə gətirəcək."


Sizin reklam burada
Sizin reklam burada