"Məlumdur ki, Azərbaycan beynəlxalq hüququn tanınmış normalarına və prinsiplərinə uyğun olaraq, bütün dünya xalqları ilə, o cümlədən də qonşu İranla münasibətlərini səmimi və qarşılıqlı hörmət əsasında qurmağa çalışır. Bu əlaqələrin tarixi, hüquqi və milli dəyərlərə, ənənələrə əsaslanan ciddi əsasları mövcuddur."
Bu fikirləri News365.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
"Son bəyanatın mahiyyətinə nəzər saldıqda isə görürük ki, Ermənistanın İranla kifayət qədər sıx əlaqələri var və bu münasibətlər müxtəlif sahələrdə özünü göstərir. Lakin konkret olaraq son bəyanatın müəllifi İran hakimiyyətində təmsil olunmur. Bu şəxs sadəcə ekspert kimi fəaliyyət göstərir və müstəqil bir fonda rəhbərlik edir.
Təbii ki, belə qurumların və ekspertlərin kimlərdən və haradan dəstək aldığı ayrıca araşdırılmalı məsələdir.
Bununla belə, indiki məqamda həmin bəyanata daha çox Ermənistanın manipulyasiya siyasətinin bir parçası və ya müəyyən dairələr tərəfindən alətə çevrilmiş bir şəxsin fikri kimi yanaşmaq lazımdır. Xüsusilə İran cəmiyyətində bu məsələyə vahid mövqenin olmaması, ölkə daxilində hakimiyyət çəkişmələrinin mövcudluğu və Prezident institutunun fərqli qruplaşmaların təsiri altında olması fonunda belə bəyanatların verilməsi təsadüfi hesab edilmir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, bölgədə sülhə heç vaxt olmadığı qədər yaxınlaşmışıq. Düzdür, Ermənistan bu prosesə hələ də maneələr yaradır və vaxtı uzatmağa çalışır. Lakin ümumi mənzərə onu göstərir ki, İran daxilində də bu prosesdən narahat olan müəyyən qüvvələr var."