Norveçdə daha bir kral ailəsi qalmaqalı ölkəni silkələyib. Osloda vəliəhd şahzadə Mette-Maritin 29 yaşlı oğlu Marius Borg Hoiby barəsində zorlama ilə bağlı səs-küylü məhkəmə prosesi ərəfəsində həbs qərarı verilib.
Mette-Maritin vəliəhd şahzadə Haakonla evliliyindən əvvəlki böyük oğlu olan Hoiby (Qoibi) zorlama, qadını bıçaqla hədələmək və məhkəmə qadağasını pozmaqda şübhəli bilinir.
News365.az bildirir ki, Oslo məhkəməsi onun yenidən cinayət törətmə riskini əsas gətirərək dörd həftə müddətinə həbsdə saxlanılmasına qərar verib.
Qoibinin həbsi ona qarşı irəli sürülən 38 maddəlik ittiham aktı fonunda baş verib. İttihamlar arasında dörd zorlama, cinsi təcavüz, sağlamlığa ağır zərər vurma və narkotik cinayətləri yer alır. Məhkəmə prosesi martın 19-dək davam edəcək.
İstintaqın məlumatına görə, dörd qadın 2018–2024-cü illər arasında yuxuda və ya ağır spirtli içki təsiri altında olarkən cinsi zorakılığa məruz qalıb. Polis bəzi epizodların video ilə qeydə alınmış ola biləcəyini də istisna etmir.
Qoibi bəzi yüngül ittihamları etiraf edib. Günahı tam sübuta yetirilərsə, onu 16 ilə qədər həbs cəzası gözləyir.
Yeni ittihamlar onun keçmiş sevgilisi ilə bağlıdır. Bildirilir ki, 2024-cü ildə baş verən hadisə zamanı Hoiby Frogner rayonundakı mənzilində çilçırağı sındırıb və bıçağı divara sancıb. O özü hücum zamanı spirtli içki və kokain təsiri altında olduğunu bildirib.
Məhkəmə əməllərin ağırlığını nəzərə alaraq, onun ən azı martın 2-dək həbsdə qalmasına qərar verib.
Qalmaqal Norveç monarxiyasında onsuz da mövcud olan etimad böhranını daha da dərinləşdirib. Siyasi mənbələr bildirir ki, bu həbs “monarxiya institutunu təməldən sarsıdıb”.
Kral evi vəziyyətdən uzaq durmağa çalışır. Vəliəhd şahzadə Haakon və Mette-Marit, eləcə də kral V Harald və kraliça Sonja məhkəmə iclaslarında iştirak etməyəcəklər. Qoibi kral ailəsinin rəsmi üzvü sayılmır və onun diplomatik pasportu ötən il ləğv edilib.
Monarxiyanın nüfuzuna əlavə zərbə, Cefri Epşteyn işi ilə bağlı bu yaxınlarda açıqlanan yeni sənədlərdən gəlib. Həmin materiallarda Mette-Maritin maliyyəçi Epşteynlə keçmiş əlaqələrinə dair məlumatlar yer alır.
Vəliəhd şahzadə məsələ ilə bağlı açıq şəkildə üzr istəyib, dərin təəssüf hissi keçirdiyini bildirərək baş verənləri “biabırçılıq” adlandırıb.
Epşteyn işi ilə bağlı yeni açıqlamalar və oğlunun həbsi vəliəhd şahzadəyə ictimai dəstəyi kəskin azaldıb. TV2-nin keçirdiyi sorğuya əsasən, norveçlilərin 45 faizi Mette-Maritin gələcəkdə kraliça olmamalı olduğunu düşünür.
Sosioloqlar bildirirlər ki, Epşteynlə əlaqələrin kral evinin əvvəl etiraf etdiyindən daha uzun və intensiv olması, ən azı 2014-cü ilə qədər davam etməsi ictimai rəydə ciddi dönüş yaradıb.
Siyasi müşahidəçilər bu vəziyyəti Norveç monarxiyası üçün son onilliklərin ən ciddi sınağı adlandırırlar. Analitiklər qeyd edirlər ki, kral evi və taxt varisləri uzun illərdən sonra açıq müdafiə mövqeyinə keçməyə məcbur qalıb.
Buna baxmayaraq, monarxiyaya ümumi ictimai dəstək hələ də təxminən 70 faiz səviyyəsində qalır. Ekspertlər hesab edir ki, mövcud qalmaqallara rəğmən respublika idarəetmə formasına keçid ideyası parlamentdə real dəstək qazanmayacaq. (Sfera.az)