Rusiya hərbçiləri “İzvestiya”ya maraqlı müsahibə veriblər. Döyüşçülər boru vasitəsilə 16 kilometrlik yürüşdən sonra Ukrayna Silahlı Qüvvələrinin arxa hissəsində yerləşmələrinin təfərrüatlarını bölüşüblər.
Əməliyyat ukraynalıların Rusiyanın Kursk vilayəti ərazisindən çıxarılmasını sürətləndirmək üçün nəzərdə tutulub. Burada “Aida”, “Veteranı”, “Vostok” hücum qrupları, “Axmat” xüsusi təyinatlı dəstəsi, hava-desant qoşunlarının 11-ci hücum briqadası, 11-ci qvardiya əlahiddə desant-hücum briqadası və 72-ci motoatıcı diviziyasının 30-cu alayı iştirak edib.
"Bu məsafəni qət etmək bir həftə çəkdi. Tam sakit şəkildə oldu. Nə telefonlar, nə işıq var idi. Səs də çıxarmırdıq, tam təcrid olunmuşduq. Sonra kiçik qruplarda yerləşməyə başladıq və əvvəlcədən razılaşdırılmış mövqeləri zəbt etdik", - "Kolos" çağırış nişanlı döyüşçü əməliyyatın detallarını paylaşıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural