Dovşan təsərrüfatı və dovşan ətinin xeyirləri

Dovşan təsərrüfatı və dovşan ətinin xeyirləri
06 Apr 2023 18:21

Bu dəfə nə maldarlıq, nə də quşçuluq təsərrüfatlarından deyil, tamam başqa sahədən danışacağıq. İndinin özündə də bu sahə ilə çox az adam məşğul olur. Gəlirli olduğu qədər xeyirlidir. Şəkər xəstəliyi olanlar, pəhriz saxlayanlar da məhz onun ətinə daha çox üstünlük verir.

Dovşançılıqdan danışacağıq. Salyan rayon sakini, Elnur Əliyev news365.az-a bildirir ki, artıq iki aydan çoxdur ki, bu zərif, yumşaq tüklü heyvanları bəsləməklə məşğuldur. Bu sahəyə marağı da təsadüfi olub.
"Məni dəvət eləmişdilər Gəncə şəhərinə. Qonaq kimi. O uşaqlar dovşan saxlayırlar. Dovşan kəsib, bişirmişdilər. Bu vaxta qədər yeməmişdim. Tərifləyirdilər. Kababın eləmişdilər, qovurmuşdular. Yedim, çox xoşuma gəldi. Sonra internetdə maraqlandım, bunun faydaları haqqında."

Bundan sonra dostları ilə məsləhətləşən Elnur 10 baş Kaliforniya növündən olan dovşan alır. Qısa müddətdə dovşanlar üçün lazımi şərait yaradır. Bir aydan sonra dovşanlar cütə vurulur. Artıq 7 baş dovşan balalayıb və balalarının sayı 45-ə çatıb. Elnur deyir ki, il ərzində 5-6-ı dəfə bala almaq olur. Hər dovşan minimum 6, maksimum 12 bala verir. Balalarının arasında bir-ikisi tələf ola bilir. Yonca, şəkər yemi, həftədə bir dəfə isə yerkökü və alma ilə qidalandırdığı dovşanların artıq bəzi xüsusiyyətlərini də müşahidə edib.
"On bala vermişdi dovşan, görmüşəm ki, hansısa balası zəifdir, səhər görmüşəm ki, həmin balanı götürüb özü atıb yerə. Daje gəlib görmüşəm ki, təzə atıb yerə, hələ diridi, ölməyib. Götürüb qoymuşam yanına. Üstündən iki-üç saat keçib, gəlib görmüşəm yenə həmin balanı götürüb yerə atıb. Belə başa düşürəm ki, bilir ki, o bala tələf olacaq, qabaqcadan özü o biri balalarının südünə, yeminə şərik olmamaq üçün tələf edir"

Üç aydan sonra bala dovşanların iki kiloqramdan artıq çəkisi olur. Bundan sonra satışa çıxarılır. Hər kiloqramı isə 11-12 manat arasında alıcılara təklif edilir. Dovşançılığın gəlirli və ətinin isə xeyirli olduğunu deyən Elnur Əliyev gələcəkdə bu sahəni daha da genişləndirmək niyyətindədir.

Bəli, bu sevimli, yumşaq tüklü dovşanların gəlir gətirməyi, fərqli xüsusiyyətləri bir yana, həm də bu heyvanlar ailəcanlı, qayğıkeşdir.


Sizin reklam burada
Sizin reklam burada