Bakının dərdi var, Bakı xəstədir...- Tural İrfan yazır

Bakının dərdi var, Bakı xəstədir...- Tural İrfan yazır
09:25
Şəhərdəki dəhşətli sıxlıqla bağlı həqiqət payı olan bir zarafat edim:
Deyir, Molla Nəsrəddindən soruşurlar, a molla, bu camaat sabah açılanda niyə hərəsi bir tərəfə gedir? Molla deyir, bəs hamı bir yerə yığılsa yerin bir tərəfi əyilər axı...
İndi ölkənin yarısından çoxu yığılıb Bakıya. Mütəxəssislər də deyir ki, altından neft çəkilən yerlərdə boşluq yaranır. Bu hündürlükdə böyük, ağır binaları da tikib yığırlar yazıq Bakının belinə. Molla demişkən, bir gün Allah eləməmiş qoca şəhərin bir tərəfi əylilib eləsə nətər olacaq görəsən...
Bir ailədə 8 baş adam var, hamısının da maşını... Özü də ən böyük markalı. Bağçadan uçaq götürürlər, az qala binanın içinə sürələr... Salonlarda maşın qalmayıb, əli çatan kreditlə alıb özünü verir şəhərin canına... Bağça müəllimləri, həkimlər "ağlaya - ağlaya" hərəsi yüz minlik maşın saxlayır bağçanın, xəstəxananın həyətində. İctimai nəqliyyatda, metroda özümdən başqa qalstuklu adam görmürəm. (Baxışlardan oxuyuram, deyirlər, yəqin bunun da maşını xarab olub. Yoxsa kostyumda, qalstukda bu kirli, tozundan burun tutulan şoqqax avtobusda nə işi var...) Demək, "qalstuklular" da etiraf edir ki, ictimai nəqliyyat işgəncəlidir, dözülməzdir, əzablıdır, ələmlidir, minməli deyil... Yoxsa niyə ağrımaz başlarına duz bağlayıb artıq yanacaq yandırıb tıxacda qalırlar? Bu da bir ayrı problemdir...
Tıxac, basabas, basırıq, ərəsət... Sanki hamı bəhsə girib, yarışa çıxıb. Qoyma qalmadı, yüyür birini də sən al. Hara gedirsiniz, hara yüyürürsünüz? Avropada nazir işə velosipedlə gedir, bizdə də hələ böyük ölçülü maşına qaçırlar. Sanki adamın sanbalı, vəzifəsi, şöhrəti maşının yekəliyi iləymiş... Yox bir onda "Zil," "KAMAZ" alın, "QREYDER" saxlayın idarənin, ofisin qabağında... Bilmirsən nə görməmişlikdi. Hamı özünü düşünür. Ölkəyə Vətən gözü ilə baxan adam yalnız özünü, öz marağını, yalnız öz rahatlığını düşünməz. Camaatı, əhalini, xalqı da düşünər. Mən kef edim, rahat yaşayım, başqaları necə olur olsun, düşüncəsində olanlar vəhşi mağara təfəkküründəkilərdir.
Artıq Bakıda, Abşeronda məktəbə, işə, tədbirə getmək mümkün deyil. Həm əhali çoxalıb, hamı rayonlardan yığılıb Bakıya, həm də maşın həddən artıq artıb. Kabildən Qəndahara çatmaq, Xırdalandan Şamaxı yoluna getməkdən asandır bəlkə. Yaxud Uqandadan Cənubi Sudana getmək Masazırdan Bakıya getməkdən daha rahatdır. Heç olmasa Yaponiyadan - zaddan bir gözüqıpıq başbilən gətirib soruşmaq olmazmı ki, içinə girib ağzını hördüyümüz bu küpənin içindən necə çıxa bilərik? Xırdalan dairəsinin sağ və sol cinah yollarını necə enlədə bilərik ki, maşın karvanları gəlib orada boğulmasın? Yaxud, Şamaxı yoluna girişdə cığır boyda saxladığımız yolu necə genəldə bilərik? Yaxud başqa bir çıxış yolu necə tapa bilərik? Yəni, bu, keçmiş Qarabağ problemindən də böyük müşküldürmü ki, bu boyda həngaməyə, bu yekəlikdə katastrofa səbəb olsun?..
Bakı və Bakı ətrafında sıxlıqdan, tıxacdan hərəkət etmək mümkün deyil artıq. İnsan ömrünün yarısı demək olar ki, yollardakı tıxacda, xəstəxanalardakı növbədə məhv olur. Sosial həyata, təhsilə, əmək fəaliyyətinə, sağlamlığa elə bir zərər vurur ki, bunun əvəzini heç nə ilə ödəmək, əvəz etmək mümkün deyil.
Məsələ burasındadır ki, bu qədər yazılır, deyilir, xeyri yoxdur. Nəsimi demişkən,
"Çox dualar qılmışam, Xaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm..."
Həllac Mansurun sözü yadıma düşür. Deyir, əsl Cəhənnəm əzab çəkdiyimiz yer deyil, əzab çəkdiyimizi kimsənin duymadığı yerdir...
Qurumuş böyük ağac küləkdə yellənir, yüz dəfə müraciət edirsən, gəlib kəsən yoxdur. Elə ki, bir maşının üstünə düşüb bir ailəni məhv etdi, dərhal 6 idarədən 18 maşınla təcili yardımdan qabaq gəlirlər.Yola piyada keçidi üçün yüz dəfə müraciət edirsən, baxan yoxdur. Elə ki, böyük bir qəza oldu, beş nəfər öldü, ikisi yaralandı, dərhal ağ zolaq çəkirlər...
Deyir, yəhudi həkimə ağrımamış, xristian ağrıyanda, müsəlman da öləndə gedir. Yəqin bu adətdir ki, hər şeydə son nöqtəni gözləyirik...
Daha nə deyim, Allah axırını xeyir eləsin, əgər mümkünsə...
Təbii ki, bu bir zarafat idi!
Tural İrfan, MCP-nin sədr müavini

Sizin reklam burada
Sizin reklam burada