Deputatdan dövlət orqanlarına yönəlik çağırış

Deputatdan dövlət orqanlarına yönəlik çağırış
13:24

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxış edərkən hökumətin diqqətinə bir sıra vacib saydığı məsələləri təqdim edib.

News365.az-ın məlumatına görə, deputat əvvəlcə qanun layihəsinin ikinci oxunuşunun tələblərinə uyğun olaraq bir məsələnin üzərində dayanmaq istədiyini vurğulayıb:

“Bu, bizim beynəlxalq tədbirlərə ayıracağımız vəsaitin həcmi ilə bağlıdır. Azərbaycanda gələn il beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılıb. Bu, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. Çox təəssüf ki, bu beynəlxalq tədbirlərin bir çoxunun effektivliyi çox aşağıdır və bir çox hallarda bu yalnız ölkəmizdə otellərin həm də dəstəklənməsi məqsədi daşıyır. Hesab edirəm ki, hökumət ciddi şəkildə düşünməlidir və onu bu məqam narahat etməlidir ki, məsələn, niyə bu il keçən illə müqayisədə turistlərin sayında 1,7 faiz azalma baş verib? Məsələn, Avropadan gələn turistlərin sayı 21,7 faiz azalıb, Mərkəzi Asiya respublikalarından gələn turistlərin sayında 10 faiz azalma var.

Amma qonşu Gürcüstanı götürsək, Gürcüstanda analoji dövrdə, yəni yanvar-sentyabr aylarında turistlərin sayında 6,6 faiz artım olub. Əgər Azərbaycana 2 milyon 171 min turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib, Azərbaycanla müqayisədə 2 dəfədən də artıq”.

Q.Həsənquliyev deyib ki, bunun səbəbləri araşdırılmalıdır:

“Azərbaycan ilk növbədə çalışmalıdır ki, ABŞ, Avropa ölkələri, İran vətəndaşları üçün viza rejimini aradan qaldırsın. Eyni zamanda Azərbaycanda böyük bir araşdırılma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina edirlər? Bu, daha çox həm də bizdə xidmətlərin qiymətinin artması ilə bağlıdır. Təyyarə biletləri bahadır, ümumiyyətlə, ictimai iaşə obyektlərində qiymətlər həddindən artıq bahadır və Azərbaycanda ucuz otellər yoxdur. Ona görə də bu, turistlərin sayına birbaşa təsir edir.

Yəni hesab etmirəm ki, büdcə hesabına biz otelləri bu formada beynəlxalq tədbirləri keçirməklə dəstəkləməliyik. Bu gün Avropanın bir çox inkişaf etmiş ölkələri, çox zəngin ölkələr belə, bu cür bahalı beynəlxalq tədbirlərin keçirilməsindən imtina edirlər. Biz bəzən mətbuatdan oxuyuruq ki, bizim mərkəzi icra hakimiyyəti orqanları müxtəlif xarakterli tədbirlər keçirirlər, qonaqlar çağırırlar, onlar üçün otellərdə yer kirayə edirlər, restoranlarda onlara yemək təşkil edirlər. Səmimi deyirəm, bu tədbirlərin effektivliyi çox azdır. Əvvəllər bizim torpaqlarımız işğal altında olanda, əlbəttə, hər bir tədbir əhəmiyyətli idi ki, biz orada problemlərimizdən, torpaqlarımızın işğal olunmasından, 1 milyon qaçqınımızdan, Azərbaycana olan ədalətsiz münasibətdən, işğalçı Ermənistanın işğalçı dövlət kimi tanınmamasından və sair haqda danışaq.

İndi şükür Allaha ki, torpaqlarımızı işğaldan azad etmişik. Bizim əvvəlki qədər bu cür tədbirlərə ehtiyacımız yoxdur. Ümumiyyətlə, həm də ezamiyyə xərcləri hesab edirəm ki, azaldılmalıdır. Ölkə Prezidenti, onun köməkçiləri, spiker, baş nazir, xarici işlər naziri, bu kimi dövlətin aparıcı şəxsləri istisna olmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının da çoxsaylı xarici səfərləri məhdudlaşdırılmalıdır. Bizim xarici ölkələrdə səfirliklərimiz var. Həmin beynəlxalq tədbirlərdə bizim səfirliyin nümayəndələri iştirak etməlidirlər. Hazırda Qarabağ bərpa olunur, bizim torpaqlarımızın bərpasına, yoxsul əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çox böyük ehtiyacımız var və mən hesab edirəm ki, hökumət mütləq bu məsələləri də diqqətdən keçirəcək”.


Sizin reklam burada
Sizin reklam burada