Çinlə Azərbaycanın üst-üstə düşən maraqları- TƏHLİL

Çinlə Azərbaycanın üst-üstə düşən maraqları- TƏHLİL
22 Apr 2025 09:25

 

“Cənab Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi geniş müsahibəsi iki ölkə arasında əməkdaşlığın artıq yalnız cari səviyyə ilə kifayətlənməyəcəyini, daha dərin və çoxşaxəli tərəfdaşlığın qurulacağını göstərir. Çünki, Prezident müsahibəsində bir sıra mühüm statistik göstəriciləri qeyd etməklə yanaşı, iqtisadi əməkdaşlığın gələcək istiqamətləri barədə də əhəmiyyətli mesajlar verdi”.

Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Ölkə başçısının da vurğuladığı kimi, 2024-cü ildə Azərbaycan ilə Çin arasında xarici ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,7 milyard ABŞ dollarına çatıb. Bu artım iqtisadi münasibtlərin yüksələn xətlə inkişaf etdiyinin əyani sübutudur. Xüsusilə də, bu artımın enerji sektoru ilə yanaşı qeyri-neft sahələrində də özünü göstərməsi əlaqələrin balanslı xarakter aldığını göstərir.

Daha diqqətçəkən göstəricilərdən biri də iki ölkə arasnda birbaşa xarici investisiya dövriyyəsində qeydə alınan artımdır. 2024-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 85,9 faiz artaraq 14 milyon dollar səviyyəsinə yüksəlib. Çin investorlarının Azərbaycana yatırdığı sərmayələr isə 92,8 faiz artaraq 11,4 milyon dollara çatıb. Bu dinamika onu göstərir ki, Çin şirkətləri Azərbaycanın iqtisdiyyatına uzunmüddətli baxışla yanaşır və bu bazarda real imkanlar görür.

Prezidentin çıxışında xüsusi yer ayırdığı “Orta Dəhliz” təşəbbüsü də Çin-Azərbaycan iqtisadi münasibətlərində gələcək əməkdaşlığın əsas sütunlarından biri olacaq. Bu dəhliz Azərbaycanın geostrateji mövqeyini və logistika imkanlarını daha da gücləndirəcək, eyni zamanda Çin mallarının Avropa bazarlarına daha qısa və təhlükəsiz marşrutla çatdırılmasına şərait yaradacaq. Azərbaycan tərəfi bu layihəyə həm siyasi, həm iqtisadi baxımdan ciddi önəm verir və artıq ölkədə logistika və nəqliyyat infrastrukturu sahəsində ciddi sərmayələr yatırılır.

Müsahibədə səsləndirilən rəqəmlər və istiqamətlər yaxın gələcəkdə Çin-Azərbaycan iqtisadi əlaqələrinin daha da dərinləşəcəyinə, texnologiya, yaşıl enerji, sənaye və logistika kimi sahələrdə yeni təşəbbüslərin ortaya çıxacağına işarədir.

Digər əsas gözləntilər ondan ibarətdir ki, bu münasibətlər, eyni zamanda regionun iqtisadi təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından da mühüm rol oynyacaqdır”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada