Bu gün görkəmli alim, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 100 ili tamam olur.
News365.az xəbər verir ki, elmi fəaliyyətini əsasən Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr etmiş Şirməmməd Hüseynov 30-dan çox kitab və monoqrafiya, 800-dən artıq elmi və elmi-publisistik məqalə yazıb. Yüzlərlə jurnalist kadrların yetişməsində böyük əmək sərf etmiş Şirməmməd müəllim auditoriyalarda hər zaman yenilikçi ruhu ilə seçilirdi. Onun mühazirələri, söhbətləri tələblərində dərin təsir oyadırdı.
Şirməmməd Ağaməmməd oğlu Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundzadə adına 2 nömrəli orta məktəbi bitirib, 1940-1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində oxuyub. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə başa vurduqdan sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspiranturasına qəbul olub, 1954-cü ildə təhsilini tamamlayıb və dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. Həmin ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb və ömrünün sonunadək orada baş müəllim, dosent, 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976-1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olub, 1988-ci ildən isə həmin kafedranın professoru vəzifəsində çalışıb.
Alim və pedaqoq kimi Şirməmməd Hüseynov Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdırıb. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmaları həm də tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.
O, Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni səviyyəyə yüksəldib. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanıb. Tələbələri onun müəllim kimi əməyini minnətdarlıq hissi ilə xatırlayırlar.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Mirzəyevin fikrincə, həqiqi müəllim o şəxsdir ki, onun öyrətdikləri öyrənənlər üçün həyat kredosuna çevrilə bilir: “Şirməmməd Hüseynov, bu mənada, həqiqi öyrədən, həqiqi müəllimdir. Dərs deyib-deməməyindən asılı olmayaraq, çoxlarının ona “Müəllim” kimi xitab etməsi bunun bariz nümunəsi idi. Şirməmməd müəllim dövrün tələbləri və yeni çağırışları ilə ayaqlaşmağı bacarırdı. Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə auditoriyanı maraqlandırmaq, onda elmə, biliyə, jurnalist peşəsinə həvəs oyatmaq elə də asan məsələ deyil. Bunun üçün yeniliklərə açıq olmaq, öyrənməkdən çəkinməmək, həm də ixtisasla bağlı dərin biliyə malik olmaq lazım gəlir. Sadalanan xüsusiyyətlərin hamısı Şirməmməd müəllimdə var idi”.
Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.
Xalqı və vətəni üçün misilsiz işlər görmüş Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də Bakıda dünyasını dəyişib. İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Bu gün onun tələbələri Bakı Dövlət Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində, mediada öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.
Xatırladaq ki, 2019-cu ildə Parlament Jurnalistlər Birliyi “Şirməmməd Hüseynov” media mükafatı təsis edib. Bu mükafat fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafına töhfə vermiş, bu sahədə yüksək xidmətlər göstərmiş, jurnalistikanın tədrisi sahəsində qazandıqları mühüm nailiyyətlərə görə fərqlənən şəxslərə verilir.