Biznez şəbəkələrinin əsl sahibləri üzə çıxacaq- Yeni qanun bunu tələb edir

Biznez şəbəkələrinin əsl sahibləri üzə çıxacaq- Yeni qanun bunu tələb edir
09:20

Məlum olduğu kimi Azərbaycanda 2025-ci il mayın 15-dən qüvvəyə minmiş yeni qanuna əsasən, ölkədə fəaliyyət göstərən bütün şirkətlər və təşkilatlar öz benefisiar mülkiyyətçiləri barədə dəqiq məlumatları təqdim etməyə məcbur olacaq.

Yeni qanunvericilik dəyişikliyi ilə hüquqi şəxslərin arxasında dayanan əsl sahiblərin kimliyi, onların şirkətlərə necə nəzarət etdiyi və bu fəaliyyətlərdən necə gəlir götürdüyü aydın şəkildə müəyyənləşdiriləcək. Qanun bütün ölçüdəki şirkət və təşkilatlara şamil olunur.

"Benefisiar mülkiyyətçi" anlayışı həmin şirkətə sənəd üzərində deyil, faktiki olaraq nəzarət edən, qərarları qəbul edən və gəlir əldə edən fiziki şəxs və ya şəxsləri əhatə edir. Məsələn, bir şirkətin rəsmi sahibi A şəxsidir, lakin real nəzarəti və gəliri B şəxs alırsa, B benefisiar mülkiyyətçi sayılır. Yeni qanunda benefisiar mülkiyyətçinin müəyyən edilmə qaydası təsdiq olunub.

Yeni qaydalara görə şirkətlər benefisiar mülkiyyətçi haqqında ətraflı məlumat dövlət qurumlarına təqdim etməlidirlər. Həmçinin, əgər şəxs siyasi vəzifəli şəxslə qohum və ya yaxın əlaqədədirsə, bu da göstərilməlidir.

Məlumatlar ictimaiyyət üçün açıq olmayacaq, yalnız dövlət qurumları bu bilgilərə çıxış hüququna malik olacaq. Maliyyə monitorinqi orqanı təqdim olunan məlumatları yoxlamaq səlahiyyətinə malikdir və şübhə yarandıqda əlavə sənədlər tələb edə bilər.

Yeni şirkətlərin qeydiyyatı zamanı da benefisiar mülkiyyətçilər barədə ətraflı məlumat verilməsi məcburidir. Bu, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun çərçivəsində qəbul olunub və beynəlxalq maliyyə təhlükəsizliyi standartlarına uyğunluq məqsədi daşıyır.

Qanuna əsasən iri sahibkarlar haqqında  məlumat 31 dekabr 2025-ci ilə,orta sahibkarlar haqqında məlumat 30 iyun 2026-cı ilə, kiçik sahibkarlar haqqında məlumat 31 dekabr 2026-cı ilə, mikro sahibkarlar haqqında məlumat 31 dekabr 2027-ci ilə və qeyri-hökumət təşkilatları və dini qurumlarla bağlı məlumatlarsa 30 iyun 2026-cı ilə qədər müvafiq dövlət qurumlarına təqdim edilməlidir. Məlumat təqdim etməyən hüquqi şəxslər üçün cərimələr nəzərdə tutulur.

Mövzu ilə bağlı News365.az -a danışan iqtisadçı ekspert Fuad İbrahimov deyir ki, bu günki reallığı nəzərə alsaq bu icra mexanizmi olmayan bir layihədir:

“Bunun icra mexanizmi olmayacaq. Heç kimə sirr deyil ki, əsas bizneslərin arxasında məmurlar dayanır. Və bununla bağlı ortada hər hansı bir sənəd yoxdur. Sənəd olmayan yerdə hansı tələbdən söhbət gedə bilər. Ən yaxşı halda məlum olacaq ki, biznes məmurun ailə üzvlərinə aiddir. Buna qarşı da hər hansı bir tələbin irəli sürülməsi məntiqli görünmür. Ola bilsin ki, bu qanun ziddiyətli bir mənzərə yaradacaq. Ya da qanun ancaq kağız üzərində qalacaq”.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada