Başqasının gömrük borcunu ödəmək mümkün olmayacaq

Başqasının gömrük borcunu ödəmək mümkün olmayacaq
13:12

"Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub. Dəyişikliklər borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır".

News365.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Məcəlləyə əsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir:

"Bununla belə, Məcəlləyə görə, gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər. Bu isə dəqiqləşdirmənin aparılmasını zəruri etmişdi. Gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyan edən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin qoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə gömrük borcunun yarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin “istənilən maraqlı şəxs” kimi qeyri-müəyyən deyil, “məsul olan istənilən şəxs” kimi məsuliyyəti özündə ehtiva edən ifadə ilə aparıldığını nəzərə alaraq Məcəllədə müvafiq dəyişikliklərin edilməsinə ehtiyac duyuldu.

Beləliklə, qanun layihəsi gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu Məcəllədə tutulmuş üsullardan yəni, girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsini nəzərdə tutur".

Deputat bildirib ki, eyni qaydanın fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yaranacaq gömrük ödənişlərinin ödənilməsinə də şamil olunması təklif olunur: "Qanun layihəsi ilə gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun borclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxslərin gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcək. Bütövlükdə, yeni dəyişikliklər təsdiq olunduqdan sonra başqasının gömrük borcunu ödəmək daha mümkün olmayacaq".


Sizin reklam burada
Sizin reklam burada