Prezident İlham Əliyev: “Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir”
Son illər Azərbaycan və Özbəkistan arasında
siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlər sürətlə inkişaf
edir. Bu münasibətlərin ən yüksək nöqtəsi isə 2023-cü ildə Daşkənddə imzalanmış
Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə təsbit olunub. Bu müqavilə, təkcə
iki dövlət arasında deyil, həm də türk dünyasının birliyi və əməkdaşlığı
baxımından xüsusi əhəmiyyət daşıyır.
Tarixi Kontekst və Siyasi Əlaqələr
Azərbaycan və Özbəkistanı ortaq
tarix, mədəniyyət, din və dil birliyi birləşdirir. Hər iki ölkə Sovet
İttifaqının süqutundan sonra müstəqil dövlətlər kimi öz xarici siyasətlərini müəyyənləşdirərkən
bir-birinə yaxın dayanmışdır. Son onilliklərdə dövlət başçıları arasında
qarşılıqlı səfərlər və imzalanan sənədlər bu münasibətlərin sabit və möhkəm təməl
üzərində qurulduğunu göstərir.
2024-cü ildə imzalanan Müttəfiqlik
Müqaviləsi isə bu əlaqələri yeni mərhələyə keçirdi. Sənəddə siyasi
koordinasiya, beynəlxalq arenada qarşılıqlı dəstək, təhlükəsizlik və müdafiə
sahəsində əməkdaşlıq, iqtisadi və texnoloji tərəfdaşlıq kimi bir çox strateji
sahələr əhatə olunub.
Prezident İlham Əliyev 2025-ci
il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri
zamanı mətbuata verdiyi bəyanatda bildirib ki, biz ötən il Daşkənddə Müttəfiqlik
münasibətləri haqqında Müqavilə imzaladıq: “Bu gün Özbəkistan
və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan
Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma
ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası
Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş
spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini
bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında
Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli
sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal
qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata
keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”.
İqtisadi və Ticarət Əməkdaşlığı
Azərbaycan və Özbəkistan
iqtisadi sahədə də qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Enerji, nəqliyyat, kənd
təsərrüfatı, tekstil və maşınqayırma sahələrində ortaq layihələr icra
olunmaqdadır. Azərbaycan, Xəzər dənizi vasitəsilə Özbəkistan üçün Avropaya
çıxış nöqtəsinə çevrilməkdədir. Eyni zamanda, Orta Dəhliz layihəsi çərçivəsində
hər iki ölkə nəqliyyat-logistika sahəsində strateji tərəfdaşlığa nail olublar.
Mədəni və Humanitar Münasibətlər
İki ölkə arasında mədəni əlaqələr
də xüsusi önəm daşıyır. Hər il həm Azərbaycanda, həm də Özbəkistanda mədəniyyət
günləri keçirilir, ali təhsil müəssisələri arasında əlaqələr genişlənir. Tələbə
mübadiləsi, alimlərin əməkdaşlığı və birgə elmi layihələr bu münasibətlərin gələcək
nəsillər üçün də davamlı olmasını təmin edir.
Beynəlxalq Arenada Əməkdaşlıq
Azərbaycan və Özbəkistan beynəlxalq
təşkilatlarda – xüsusilə Türk Dövlətləri Təşkilatı, BMT, İƏT və digər
platformalarda bir-birini daim dəstəkləyir. Bu da göstərir ki, ikitərəfli
münasibətlər yalnız regional deyil, qlobal səviyyədə də birgə addımların
atılmasını təmin edir.
Azərbaycan və Özbəkistan
arasında iqtisadi əməkdaşlıq, xüsusilə investisiya sahəsində strateji və
praktiki səviyyəyə çatmasıdır.
Azərbaycan və Özbəkistan
arasında əməkdaşlıq təkcə siyasi və mədəni sahələrlə məhdudlaşmır, iqtisadi
münasibətlər də bu tərəfdaşlığın ən vacib sütunlarından birinə çevrilmişdir.
Son illərdə qarşılıqlı investisiyaların təşviqi və birgə iqtisadi layihələrin həyata
keçirilməsi məqsədilə yaradılan Birgə İnvestisiya Fondu iki ölkənin strateji
iqtisadi əlaqələrinin mühüm alətinə çevrilib.
Qısa müddət əvvəl yaradılan Azərbaycan–Özbəkistan
Birgə İnvestisiya Fondu artıq real fəaliyyət mərhələsinə qədəm qoyub. Fondun
500 milyon dollarlıq nizamnamə kapitalı onun nə qədər böyük iqtisadi
ambisiyalara malik olduğunu göstərir. Bugünə qədər 10-dan çox layihə üzrə
investisiya qərarlarının qəbulu mərhələsinə gəlinib. Bu isə o deməkdir ki, fond
artıq təkcə plan deyil, konkret fəaliyyətə keçmiş bir platformadır. Cənab
Prezıdent xatırladıb ki, bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu
artıq praktiki olaraq layihələrlə təmin edilib: “Bu gün
10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu
barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk,
çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim
planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika,
mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq
konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin
birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə
artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz
arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Həm Özbəkistan,
həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya
qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana
investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost,
qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları
nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz
deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi
deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir”.
Azərbaycanın Özbəkistana sərmayə
yatırması yalnız dostluq münasibətləri ilə bağlı deyil. Burada iki əsas səbəb
var: 1. Azərbaycan üçün Özbəkistanla əməkdaşlıq sadəcə iqtisadi maraqlarla
deyil, həm də dərin tarixi və mədəni bağlarla əsaslanır. 2. Özbəkistan
Prezidenti tərəfindən həyata keçirilən sistemli islahatlar nəticəsində ölkədə
sabitlik, şəffaflıq və investorlar üçün əlverişli şərait yaradılıb. Bu fakt
beynəlxalq maliyyə institutları tərəfindən də qəbul edilir və Özbəkistanı
regionda cazibədar investisiya məkanına çevirir.
Hazırda bir çox beynəlxalq
maliyyə qurumları Özbəkistanı etibarlı və perspektivli investisiya məkanı kimi
dəyərləndirirlər. Azərbaycan da bu prosesi yaxından izləyərək öz özəl və dövlət
sektorunu bu ölkəyə investisiya yatırmağa təşviq edir.
Gələcəkdə fondun kapitalının
artırılması və daha geniş spektrli layihələrin reallaşdırılması planlaşdırılır.
Bu isə Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin daha da dərinləşəcəyini
göstərir.
Azərbaycan–Özbəkistan Birgə
İnvestisiya Fondu iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələsidir. Bu
fond təkcə maliyyə aləti deyil, həm də strateji vizyonun nəticəsidir.
Qarşılıqlı etimada və qardaşlıq münasibətlərinə söykənən bu əməkdaşlıq yaxın gələcəkdə
həm region üçün, həm də türk dünyası üçün nümunəvi bir modelə çevrilə bilər.
Azərbaycan və Özbəkistan
arasındakı münasibətlər təkcə iki dövlətin maraqlarına xidmət etmir, həm də
türk dünyasının birliyi və regional sabitlik üçün nümunəvi model təqdim edir.
Strateji müttəfiqlik əsasında qurulan bu münasibətlər gələcək illərdə daha da
güclənəcək və hər iki xalqın rifahına töhfə verəcəkdir.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar
fənlər və regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent