Prezident İlham Əliyev: “Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”
Azərbaycan ilə Türkiyə arasında münasibətlər
tarixən dərin köklərə, ortaq mədəniyyətə, dinə, dilə və milli dəyərlərə
əsaslanır. Hər iki xalq əsrlər boyu bir-birinə dayaq olmuş, çətin zamanlarda
çiyin-çiyinə dayanmışdır. XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini
yenidən bərpa etməsi ilə bu münasibətlər rəsmi dövlətlərarası əməkdaşlıq
səviyyəsinə yüksəlmiş və zamanla strateji tərəfdaşlığa çevrilmişdir.
Azərbaycan-Türkiyə münasibətləri uzun illərdir dostluq, qardaşlıq və strateji
əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu münasibətlərin zirvəsi isə
şübhəsiz ki, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsidir. Bu sənəd Azərbaycan
və Türkiyə arasında münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə
yüksəldib və iki ölkə arasında əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib.
Bəyannamə, 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən
sonra, Şuşa şəhərində — Azərbaycanın mədəniyyət beşiyində imzalanıb. Bu, həm
simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Bu, təkcə qələbənin
təntənəsi deyil, həm də Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin bütün
dünyaya nümayişi idi. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji
əhəmiyyətini artırır. Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı
münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir.
Bəyannamə 15 iyun
tarixində imzalanıb. Bu gün həm də Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd
olunur. Beləliklə, bu sənəd həm də milli dirçəlişin və gələcəyə inamın
simvoluna çevrilmişdir.
Bəyannamə Türkiyə və
Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini əhatə edir.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi
aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Birgə Bəyannamədə tarixi Qars
müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl
imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş
Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş
birliyimizin istiqamətini göstərir”. Ölkələrimiz arasındakı müttəfiqlik
əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji
təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər
strateji sahələri əhatə edir. Sənəddə hərbi-siyasi sahədə əməkdaşlığın
dərinləşdirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, silahlı qüvvələrin
modernləşdirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı dəstək öhdəliyi yer
alır. Bəyannamənin ən mühüm hissələrindən biri hərbi əməkdaşlıq və qarşılıqlı
təhlükəsizlik zəmanətidir. Sənəddə göstərilir ki, tərəflərdən birinə qarşı
təhdid və ya hücum baş verərsə, digər tərəf ona yardım edəcəkdir.
Azərbaycan və Türkiyə beynəlxalq
təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir. Şuşa Bəyannaməsi bu
əməkdaşlığı daha da dərinləşdirir və iki ölkənin regional sülh və sabitlikdə
birgə rolunu ön plana çıxarır. Əgər tərəflərdən biri üçün təhlükə yaranarsa,
digər tərəfin onu müdafiə etmək üçün tədbirlər görməsi ehtimalı bu bəyannamə
ilə güclənmişdir. Bu həm də qardaşlığın hüquqi təsdiqidir. Əsrlər boyu davam
edən Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığın rəsmi, hüquqi
müstəviyə keçməsini təmin edib. Bu, regional təhlükəsizlik balansında mühüm
dəyişiklik yaradıb. Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması və Orta
Dəhliz layihəsinin inkişafı ilə bağlı çağırışlar yer alır. Bu, Azərbaycanın
geostrateji əhəmiyyətini artırır, Türkiyə ilə birbaşa quru əlaqəsinin bərpasına
və Asiya-Avropa ticarət yolunda güclü mövqe tutmasına şərait yaradır.
Ümumiyyətlə, bu dəhliz Türkiyə ilə Azərbaycanın quru yolla birləşməsini təmin
edəcək və türk dünyasının birləşməsində strateji rol oynayacaq. Enerji
təhlükəsizliyi, neft-qaz layihələri, bərpa olunan enerji sahəsində əməkdaşlıq
kimi istiqamətlərdə ortaq planlar nəzərdə tutulur. TANAP və TAP kimi layihələr
fonunda bu bəyannamə enerji əməkdaşlığının daha da dərinləşməsinə zəmin
yaradır.
Bəyannamə təkcə siyasi və
hərbi sahələri deyil, həm də mədəni, təhsil və gənclər sahəsində inteqrasiyanı
nəzərdə tutur. Şuşa Bəyannaməsində ortaq mədəni irsin qorunması, təhsil
mübadilələrinin təşviqi və gənclərin milli kimlik ruhunda yetişdirilməsi kimi
sahələrə də xüsusi diqqət ayrılıb. Bu, iki xalqın gələcək nəsillərinin də milli
birlik ruhunda böyüməsini təmin edəcək. Şuşanın seçilməsi mədəni-siyasi
simvolizm daşıyır və Qarabağın azadlığı ilə Türk dünyasının birliyi arasında
bağ qurur. Şuşa Bəyannaməsi yalnız iki dövlətin sənədi deyil, eyni zamanda
regionda yeni siyasi arxitekturanın əsasını qoyan strateji sənəddir. Türkiyənin
Cənubi Qafqazda rolu daha da güclənmiş, Azərbaycan isə regional liderlik
mövqeyini təsdiqləmişdir. Bu sənəd, Türk Dövlətləri Təşkilatının
inteqrasiyasına dəstək kimi də qiymətləndirilə bilər. İki əsas üzv dövlətin
belə dərin ittifaqı digər türkdilli ölkələri də yaxınlaşdırmaq potensialına
malikdir.
Şuşa Bəyannaməsi təkcə
Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi deyil, həm də Cənubi Qafqazın
geosiyasi arxitekturasını dəyişdirən sənəddir. Bu sənədlə iki ölkə arasında
olan qardaşlıq münasibətləri artıq hüquqi baxımdan da müttəfiqlik statusuna
keçmişdir. Eyni zamanda, bu bəyannamə regionda sülh və təhlükəsizlik üçün yeni
çərçivə təqdim edir və Türk dünyasının gələcəyi üçün strateji yol xəritəsi
rolunu oynayır.
Şuşa Bəyannaməsi təkcə
iki dövlət arasında imzalanmış siyasi sənəd deyil, həm də “Bir millət, iki
dövlət” fəlsəfəsinin reallaşmış formasıdır. Bu sənəd Azərbaycan və Türkiyənin
müstəqilliklərini, suverenliklərini və milli maraqlarını qorumaq üçün
bir-birinə şəriksiz və açıq dəstək verdiyinin bariz nümunəsidir. Şuşa
Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri tarixinin yeni bir mərhələsinə
qədəm qoymuşdur — bu mərhələ müttəfiqliyə, strateji tərəfdaşlığa və birgə gələcəyə
aparan yoldur.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent