Azərbaycanla Rusiya arasında son dövrlərdə yaşanan gərginlik təsadüfi deyil və bu, uzun illər Moskvanın bölgədə qurduğu təsir siyasətinin iflasa uğraması ilə bağlıdır.
Bu fikirləri politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın son illərdə Azərbaycana qarşı yönəlmiş davranışları, o cümlədən mülki şəxslərə və dövlət obyektlərinə qarşı baş verən hadisələr birbaşa təzyiq vasitəsi kimi istifadə olunub:
“Bu, hər hansı bir nazirliyin, siyasətçinin və ya idarənin hazırladığı ilk təzyiq prosesi deyil. Xatırlayın, 4 il əvvəl 19 yaşlı bir gənc polis tərəfindən başından güllələnmişdi. Ötən il isə azərbaycanlıların toyuna müdaxilə edilərək, guya kriminal axtarışı adı ilə iştirakçılara işgəncə xarakterli hərəkətlər tətbiq olunmuşdu. Dekabr ayında isə Azərbaycanın hərbi təyyarəsi məqsədli şəkildə vuruldu. Bu və digər hadisələr təsadüfi deyil və siyasi motivli addımlardır”.
Bakir Həsənbəylinin sözlərinə görə, bu hadisələrin arxasında Rusiyanın Azərbaycanla bağlı müəyyən gözləntilərinin boşa çıxması dayanır:
“Rusiya uzun illər Dağlıq Qarabağ və ona bitişik ərazilərdə qondarma qurumlar yaratmaqla Azərbaycana qarşı diplomatik, siyasi və hərbi təzyiq imkanları qazanmışdı. Ancaq 2020-ci ildə Azərbaycan bu təsir imkanlarını aradan qaldırdı. Qısa müddət sonra isə Rusiya ordusunu da ölkədən tamamilə çıxardı”.
Politoloq qeyd edib ki, bu gün Rusiya nə iqtisadi, nə də siyasi cəhətdən Azərbaycana təsir edə bilmir:
“Azərbaycan tam müstəqil bir dövlətdir və dünyaya inteqrasiya yolunda irəliləyir. İqtisadiyyatımız Rusiyadan asılı deyil. Ermənistandan fərqli olaraq, Azərbaycanın iqtisadi siyasəti azaddır və biz bu müstəqilliyimizi qorumaqda qərarlıyıq”.