Avtomobil qəzaları zamanı baş verən daxili qanaxmalar ilk anda hiss olunmaya bilər və bu da vəziyyəti daha təhlükəli edir.
News365.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkiminin müavini Nizami Məmmədov qurumun rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayımda danışıb.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri və digər qəfil travmalar zamanı xəsarət alanlara yanaşma üçün tibbi protokollar mövcuddur. Bu qaydaların yalnız həkimlər deyil, adi vətəndaşlar tərəfindən də bilinməsi həyati əhəmiyyət daşıyır.
Mütəxəssis bildirib ki, qəzalar zamanı ən təhlükəli hallardan biri daxili qanaxmadır. Bu cür qanaxmalar əsasən döş qəfəsi və qarın boşluğunda yerləşən orqanlarda baş verir və çox vaxt ilkin mərhələdə açıq əlamətlərlə müşayiət olunmur. Sadə halsızlıq, üşümə, başgicəllənmə və ya qısa müddətli huş itkisi daxili qanaxmanın ilk xəbərçisi ola bilər.
Nizami Məmmədov qeyd edib ki, əgər xəsarət alan şəxsdə tez-tez bayılma, nəfəs darlığı, döş qəfəsi və ya qarın nahiyəsində şişkinlik yaranarsa, bu artıq ağır vəziyyətin göstəricisidir. Belə hallarda dərhal təcili tibbi yardım çağırılmalı və zərərçəkən mütəxəssislərin nəzarətinə verilməlidir.
Həkim vurğulayıb ki, vaxtında göstərilən tibbi müdaxilə ağır fəsadların və həyat üçün təhlükənin qarşısını ala bilər.
News365.az