Avropa İttifaqı üçün "yaşıl dəhliz"- TƏHLİL

Avropa İttifaqı üçün "yaşıl dəhliz"- TƏHLİL
09:05
“Yaşıl” konsept
Yeni minilliyin ən ciddi problemləri ekoloji problemlər və onun yaratdığı iqlim fəsadları olduğu üçün gələcək planetin özünün dövrü bərpa etdiyi mənbələr hesabına enerji təminatını həyata keçirə bilənlərindir. Buna görə də yaxın bir neçə onillikdə ölkələrin enerji təhlükəsizliyi elə bir nəhəng keçiddən keçəcək ki, bu keçidin ən böyük elementi enerji təhlükəsizliyinin şaxələndirilməsi və inteqrasiyası olacaqdır. Çünki hər bir ölkə yalnız öz hüdudları daxilində bu fəaliyyəti məhdudlaşdırarsa, onda iqlim dəyişkənliyi və illər arasında fərqli iqlim nəticələri səbəbindən bərpa olunan mənbələr enerji təhlükəsizliyini təmin edə bilməz.
Ötən əsrin 90-cı illərinin əvvəlində neft strategiyasını başlayan, daha sonra bu uğuru qaz strategiyasında təkrarlayan Azərbaycan bərpa olunan enerji sahəsində də yeni bir strategiyanın əsasını yeni minilliyin ikinci onilliyində qoydu.
Azərbaycan bərpa olunan enerji potensialına, o cümlədən, külək, Günəş və aşağı karbonlu yaşıl hidrogen sahəsində böyük potensiala malikdir. Bu mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Lakin ənənəvi enerji resurslarından ciddi həcmdə asılı olan ölkələrdə yaşıl enerjiyə keçidin yolu çox uzundur.
Son 5 ili təhlil etsək görərik ki, 2019-cu ildə Azərbaycanda elektrik enerjisinin 95%-i təbii qazdan, 4%-i su elektrik enerjisindən, 1%-i isə bərpa olunan enerjidən əldə edilib.
2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən Paris Sazişinə əsasən, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər emissiyaların 35% azaldılması hədəfini öhdəsinə götürmüşdür. (Paris sazişi – BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsasən Kioto protokolunun əvəzinə hazırlanaraq 12 dekabr 2015-ci ildə konsensusla qəbul edilmiş və 22 aprel 2016-cı ildə imzalanmışdır.)
2023-cü ildə keçirilən COB28-də isə Azərbaycanda 2026-cı ilə qədər bərpa olunan enerji mənbələri ölkədə elektrik enerjisi istehsalı üçün quraşdırılmış gücün 24 faizini təşkil edəcəyi, 2030-cu ilə qədər isə bu göstəricinin 30%-ə çatdırılacağı bildirilmişdir. Bu isə 2018-ci ildəki 16%-lik paydan təxminən iki dəfə çoxdur. Eyni zamanda, 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyası həcminin 40 faizə qədər azaldılmasını, habelə işğaldan azad edilmiş ərazilərdə “təmiz 0” emissiya zonasının yaradılmasını məqsəd olaraq qarşıya qoymuşdur.
Azərbaycanın ardıcıl olaraq bu istiqamətdə apardığı siyasət və qurduğu yaşıl enerji strategiyası ölkənin COP29-a ev sahibliyi edəcək ölkə elan edilməsi ilə nəticələnmişdir.
Yaşıl tarix
Hazırda yuxarıda qeyd edilən bərpa olunan enerji strategiyasına uyğun olaraq Azərbaycanda bərpa olunan enerjinin istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr icra edilməkdədir. Ölkə kifayət qədər alternativ enerji ehtiyatları ilə zəngin olsa da, regionun digər ölkələrinin də bu strategiyada iştirak etməsi layihələrin son kommersiya uğuru üçün çox önəmlidir. Buna görə də hazırda icra edilməkdə olan layihələrin ən böyüyü iki Cənubu Qafqaz və iki Şərqi Avropa ölkəsinin birgə tərəfdaş olduğu “Xəzər dənizi–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsidir.
Layihə konsepsiyası uzun müddət müzakirə mövzusu olaraq qalmışdır. Nəhayət, layihə 2020-ci ilin iyun ayında Dünya Bankının metodologiya hesabatının mövzusu olmuş və Qara dənizin dibi ilə sualtı kabel xəttinin çəkilişinin kifayət qədər iqtisadi fayda gətirəcəyi qənaətinə gəlinmişdir.
Konsepsiyanın əsasında Azərbaycanın Xəzər dənizi sahili boyunca quruda və dənizdə külək stansiyalarının qurulması, elektrik enerjisinin istehsal edilməsi, eləcə də günəş enerjisi istehsalının həyata keçirilməsi, daha sonra istehsal olunan enerjinin Qara dəniz vasitəsilə hazırda bərpa olunan enerji potensialı aşağı olan və təbii qaz və kömürdən çox asılı olan Şərqi və Mərkəzi Avropa ölkələrinə ötürülməsi dayanırdı.
Lakin bank tərəfindən tam texniki-iqtisadi əsaslandırma aparılmamışdır. Yalnız 2021-ci ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi və Birləşmiş Ştatların Enerji Assosiasiyası texniki qiymətləndirməni tamamladı. Qiymətləndirmə nəticəsində məlum oldu ki, Gürcüstan və Rumıniyanın mövcud elektrik tranzit şəbəkələrində minimal təkmilləşdirmələr aparmaqla, dörd ölkə 1000 meqavata qədər enerji ötürə bilər.
Növbəti önəmli addım 2022-ci il iyulun 18-də Bakıda atıldı – “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Hətta imzalanma mərasimi Avropa İttifqanın internet səhifəsində canlı yayımlandı. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen imzaladı.
Sənədin imzalanmasında Avropa tərəfinin əsas məqsədi Rusiyadan asılılığın azaldılması üçün Avropanın Azərbaycan qazına olan ehtiyacı idi. Lakin bərpa olunan enerji ehtiyatlarının potensialından səmərəli istifadəyə dair əməkdaşlıq da bu sənəddə öz əksini tapmışdır. Beləliklə, Avropa İttifaqı və Azərbaycan arasında neft və qaz danışıqlarına bərpa olunan enerji mövzusu da əsas predmet kimi əlavə olunaraq, külək və günəş enerjisinə dair investisiya layihələrinin Avropa İttifaqı tərəfindən dəstəklənməsi ilə tərəflər arasında enerji sahəsində əməkdaşlıq daha da gücləndirildi.
Nəhayət, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı.
Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzaladılar. Avropa İttifaqının bu layihəni dəstəkləməsinin göstəricisi olaraq imzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis ilə yanaşı, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen də iştirak edirdi.
Coğrafiyası
Bağlanmış bu saziş həm də “Xəzər dənizi–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsinin konsepsiyanın yaradılması demək idi. Konsepsiyanın əsasında Azərbaycanın alternativ enerji mənbələrindən, ələlxüsus da Xəzərin bu istiqamətdə olan potensialından istifadə olunaraq istehsal edilmiş elektrik enerjisini Gürcüstandan və Qara dənizdən keçməklə Rumıniyaya, oradan isə Macarıstana çatdırmaqdır.
Bu yeni enerji dəhlizinin marşurutu ilkin halda sazişə imza atan dörd ölkənin ərazisini və 2 dənizi əhatə edəcəkdir. Bu dənizlərdən birincisi, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsal ediləcəyi Xəzər dənizi, ikincisi isə dibindən kabel xəttinin çəkilməsi nəzərdə tutulan Qara dənizdir.
Texniki-iqtisadi göstəriciləri
“Xəzər dənizi–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsinin dəqiq icra planının hələlik hazır olmaması səbəbindən onun bir sıra komponentlərinin parametrləri hələ də məlum deyil. Məlum olan parametrlərin isə alternativlərinin qiymətləndirilməsi səbəbindən dəyişdirilmə ehtimalı böyükdür. Buna görə də layihənin texniki-iqtisadi tərəflərinə dair məlumatlar kitabın tamamlandığı 2024-cü ilin əvvəlini əhatə edir. Ümumumilikdə isə, bu layihə hazırda Avrasiyada üzərində daha sürətlə işlərin getdiyi, vaxtaşırı ən çox əlavə və dəyişikliklərin olduğu layihələrdən biridir.
Qeyd edildiyi kimi, layihə Azərbaycanın “yaşıl enerji” təchizatçısına çevrilmək planlarının tərkib hissəsidir. Bu dəhlizlə ilkin olaraq 4 QVt həcmində “yaşıl enerji”nin ixracı nəzərdə tutulur. Bu enerjinin istehsalı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılmışdır. Eyni zamanda, bərpaolunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətində sıx koordinasiya olunmuş fəaliyyət həyata keçirilməkdədir.
“Xəzər dənizi–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsinin komponentləri arasında Qara dənizin şərq və qərb sahilləri aralığında sualtı elektrik kabelinin çəkilməsi xüsusi yer tutur.
Layihə parametrlərinə əsasən elektrik xətti boyunca fiber-optik kabelin çəkilməsi də nəzərdə tutulur. İlkin qiymətləndirmənin nəticəsi olaraq, kabelin uzunluğunun 1195 km olmasına dair açıqlanan məlumatlar onun dünyanın ən uzun və ən dərin sualtı elektrik və rəqəmsal kabel xətti olacağını deməyə əsas verir. Bu kabel layihəsinin texniki-iqtisadi əsaslandırılmasının İtaliya şirkəti tərəfindən həyata keçiriləcəyini və bunun üçün lazım olan 2.5 milyon avro xərcin Dünya Bankının vəsaiti hesabına qarşılanacağı ilə bağlı razılaşma hələ bir neçə il əvvəl əldə edilmişdir.
Eyni zamanda, 2023-cü ilin sonlarında Avropa Komissiyası tərfindən kabelin çəkilişi üçün 2.3 milyard avro vəsait ayrılmasına dair məlumatlar təsdiqləndi. Texniki iqtisadi əsaslandırmanın bitməsindən dərhal sonra layihənin icrasına başlanması və növbəti 4 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Perspektiv: Günəşin ömrü
Dəhlizin rentabelli fəaliyyəti və Avropa istehlakçılarının gözləntilərinin doğrulması üçün Azərbaycan artıq 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpaedilən enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalayıb. Masdar, ACWA Power, BP, China Gezhouba, Nobel Energy və Baltech kimi tanınmış şirkətlərlə əməkdaşlıq Azərbaycanın yaşıl enerji sektoru üzrə əsas tərəfdaşlarına çevrilib. Bu əməkdaşlıq ilkin mərhələdə Azərbaycandan Avropaya 4 GVt “yaşıl enerji” ixracına nail olmaq məqsədi daşıyır.
Bütövlükdə layihə imzalayan ölkələrin hər birindən enerji ötürülməsi infrastrukturunun inkişafının artırılmasını tələb edəcəkdir. Layihənin ən bahalı hissəsi, şübhəsiz ki, Qara dənizin dibi ilə uzanan sualtı kabel olacaq.
Hazırda Avropa İttifaqı ölkələri 2030-cu ilə qədər elektrik enerjisi və ya hidrogen və onun törəmələri şəklində olmaqla, yaşıl enerji idxalını təmin etmək üçün mübarizə aparır. 2030-cu ildən sonra çox güman ki, Avropa Birliyinin daha sərt dekarbonizasiya hədəflərinə dair tələbləri qüvvəyə minəcək. Buna görə də müzakirə olunan Qara dəniz kabeli Avropa ölkələrinin bu strateji baxışına, o cümlədən Almaniyanın dünya üzrə “hidrogen diplomatiyası”na və Benilüks ölkələrində (Belçika, Hollandiya və Lüksemburq) yaşıl ammonyak idxal terminallarının tikintisi planlarına tam uyğundur.
Yaşıl Enerji Dəhlizinə dair pozitiv gözləntiləri artıran digər bir amil isə Mərkəzi Asiya ölkələrinin təşəbbüsləridir. Belə ki, Özbəkistan və Qazaxıstan Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin çatdırılması üçün Yaşıl Enerji Dəhlizinə qoşulmağa dair təşəbbüslə çıxış etmişlər. Digər Mərkəzi Asiya ölkələrinin də gələcəkdə bu təşəbbüsə qoşulmaq istəklərinin olacağı şübhəsizdir. Nəzərə alsaq ki, Mərkəzi Asiya bərpa olunan enerji mənbələri ilə çox zəngin regiondur, deməli, bu dəhlizin perspektivlərinə dair ən yüksək gözləntilər özünü doğruldacaqdır.
Ümumiyyətlə isə, bərpa olunan enerji dəhlizləri digər dəhlizlərlə müqayisəyəgəlməz dərəcədə uzunömürlü olacaq. Çünki bu dəhlizlərin əsas təchizatçısı Günəşdir və Günəş var olduqca o, enerjini bərpa edəcəkdir. Yetər ki, bərpa olunan enerji elektrik enerjisinə çevrilib, dəhlizə yönləndirilsin.
Təəssüf ki, bu dəhliz də digər dəhlizlər kimi müəyyən risklərdən tam olaraq sığortalana bilməyəcəkdir. Dəhlizin icrasına başlamaq üçün indiyə qədər aparılan araşdırmalar Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl tamamlanmışdır.
Lakin müharibə Avropa İttifaqının əlavə neft, qaz və elektrik enerjisi mənbələri tapmaq səylərini artırsa da, daşınmanın təhlükəsizliyinə, ələlxüsus da, Qara dənizdə ciddi təsir göstərmişdir. Hətta Azərbaycanın Bakı–Supsa neft kəməri ilə Gürcüstan limanına çatan xam neft yüklərini qəbul edən tankerlər üçün də əlavə risklər yaratdı. Odur ki, Qara dənizin dibi ilə kabel çəkmək üçün üzən gəmilərə bu cür risklər hazırkı məqamda mövcuddur.
Bu müharibə kabel çəkildikdən sonra da onu asan hədəfə çevirə bilər. Hətta müharibə bitsə belə, risklər daim mövcud olacaqdır. Çünki istənilən sualtı layihə dənizin dibində “Şimal Axını” boru kəmərinin taleyini yaşaya bilər.
Eldəniz Əmirov, iqtisadçı

Sizin reklam burada
Sizin reklam burada