“Aparıcı dövlətlərinin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanımalıdır“ - İqor Korotçenko

“Aparıcı dövlətlərinin parlamentləri və beynəlxalq təşkilatlar  Xocalı soyqırımını tanımalıdır“ -  İqor Korotçenko
26 Apr 2024 09:25

Xəbər verdiyimiz kimi Xocalı rayonunun Malıbəyli kəndində azı 6 nəfərin qalıqları olan məzarlıq tapılıb. Təbii ki, bu erməni vəhşiliyi insanlığın diqqətindən kənarda qalmayıb.

News365.az xəbər verir ki, mövzu ilə bağlı “Vestnik Kavkaza” müsahibə verən Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko soyqırım qurbanlarının axtarışının vacibliyindən danışıb:

“Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün Yaxın Şərqdən gəlmiş erməni hərbi və terrorçu ünsürlər tərəfindən törədilmiş bir cinayətdir. Ona görə də cinayətkarların tapılıb məsuliyyətə cəlb edilməsi üçün qanuni tədbirlər görülməsi çox vacibdir.  Çünki mülki əhaliyə qarşı hərbi xarakterli cinayətlərin heç bir məhdudiyyət müddəti yoxdur, ədalət yerini tapmalıdır”.

“Hesab edirəm ki, dünyanın aparıcı dövlətlərinin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən Xocalıda törədilən soyqırım faktlarının tanınması təşəbbüsü irəli sürülməlidir. Cinayət əmrləri verən və onları yerinə yetirən hərbi qulluqçular barədə o dövrün müvafiq foto və kino sənədləri arxivi şəklində böyük sübut bazası var. Bundan əlavə qurbanların hər tapılan qalıqları daha güclü sənədli sübutları ortaya qoyur. Bunlar hamısı erməni cinayətkarlarının gələcəkdə beynəlxalq məhkəməsi üçün yeni sübut bazasına çevriləcək”, - İqor Korotçenko vurğulayıb.

O əlavə edib ki, Azərbaycan tapılan hər bir məzarla bağlı ətraflı araşdırmalar aparır:

“Çalışılır ki, Ermənistan tərəfindən törədilmiş bütün  hərbi cinayət faktlarına  xarici ekspertlərin dəvəti ilə beynəlxalq hüquqi qiymət verilsin. O cümlədən Qarabağ müharibəsi hadisələrinə obyektiv baxan və heç bir qərəzlilik nümayiş etdirməyən xarici ölkələr üçün də konkret əsas olsun”.

İlhamə Qiyas, News365.az

 

 


Youtube kanalımız

Oxşar xəbərlər