Azərbaycan milli rəqslərinin Türkiyədə daha geniş təbliği üçün layihələr icra ediləcək

Azərbaycan milli rəqslərinin Türkiyədə daha geniş təbliği üçün layihələr icra ediləcək
06 May 2024 17:59

Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Xəzər-Azərbaycan Rəqs Ansamblı tərəfindən milli rəqsləri daha geniş təbliğ edəcək birgə layihələr həyata keçiriləcək.

 Ankara bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi rəhbərliyinin Türkiyədə fəaliyyət göstərən Xəzər-Azərbaycan Rəqs Ansamblının fəaliyyəti ilə tanışlığı zamanı bildirilib.

Rəqs Ansamblının bədii rəhbəri, solist Gülçöhrə Sibel Sangu Ansamblın yaradılması və tarixi haqqında danışıb. O deyib ki, Azərbaycan milli rəqsləri üzrə fəaliyyətlərində azərbaycanlılarla yanaşı, Türkiyə türkləri də yer alır. Bu işlərin Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və dəstəyi ilə daha geniş, professional və ardıcıl təbliğ olunacağına ümid edildiyi vurğulanıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Prezident İlham Əliyevin sərəncamı ilə Türkiyədə yaradılmış Mərkəzin Azərbaycan milli mədəniyyəti və rəqs sənətinin Türkiyədə tanıdılmasına mühüm önəm verdiyini qeyd edib. O, bu istiqamətdə Xəzər-Azərbaycan Rəqs Ansamblı ilə rəhbərlik etdiyi Mərkəzin sıx əməkdaşlıq edəcəyini bildirib.

Daha sonra Ansambl tərəfindən bir sıra Azərbaycan milli rəqsləri ifa olunub, kollektiv və fərdi rəqslər təqdim edilib.


Youtube kanalımız

Oxşar xəbərlər