Almaniyanın xarici işlər naziri İohann Vadeful ABŞ-ın Ukraynada müharibəni dayandırmaq üçün təqdim etdiyi plana bağlı açıqlamasında uzunmüddətli və etibarlı sülhün əsas şərt olduğunu bildirib.
News365.az-ın məlumatına görə, nazir “Tagesschau” xəbər xidmətinin “Tagesthemen” proqramına açıqlamasında qeyd edib: “Sülh adlandırıla biləcək razılaşma yalnız o halda məqbuldur ki, həm ədalətli, həm də davamlı olsun”.
O vurğulayıb ki, tərəflər atəşkəsə yaxınlaşa bilərlər, lakin bunun sülh müqaviləsinə çevriləcəyi hələlik məlum deyil. Sülhün əsaslı ola bilməsi üçün onun uzun müddət qüvvədə qalmasına təminat verilməlidir. Nazir ABŞ planında hələlik qeyri-müəyyən qalan təhlükəsizlik zəmanətlərinin bunun üçün həlledici rol oynadığını deyib.
Almaniyanın xarici siyasət idarəsinin rəhbəri xatırladıb ki, müharibəni başlayan tərəf Rusiyadır və Moskva nə atəşkəs istəyir, nə də beynəlxalq hüquqa riayət edir. Hazırda genişmiqyaslı şəkildə silahlanan Rusiya mümkün sülh razılaşmasından sonra yenidən hücuma keçə bilər.
Nazir Avropa İttifaqı və Almaniyanın Ukraynanın tərəfdaşları kimi prosesdə aktiv iştirak etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın planında Avropanın başqa cür qiymətləndirdiyi məqamlar var və bu məsələlər üzrə əlavə danışıqlara ehtiyac yaranır. O, təfərrüatlara varmadan yekun qərarın Ukraynanın suveren qərarı olduğunu qeyd edib.
ABŞ Prezidenti Donald Trampın Kiyevə ultimatum verərək planın cümə axşamına qədər qəbulunu tələb etməsi fonunda İ.Vadeful təlaşa düşməməyə çağırıb. Nazir bildirib ki, hər kəs atəşin tezliklə dayanmasını istəyir, lakin uzunmüddətli sülhün hansı əsasda mümkün olacağını müəyyənləşdirmək üçün vaxt lazımdır. O, bunun çox tez baş verə biləcəyinə şübhə duyduğunu qeyd edib.
Nazir ABŞ-ın təklif etdiyi 28 maddəlik planın Ukraynadan Rusiyaya ciddi güzəştlər tələb edilməsi ilə bağlı bildirib ki, planda yer alan detallarla Avropa tərəfdaşları yalnız son günlər tanış olublar və hazırda qarşı təklif üzərində intensiv iş aparılır.