Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan ordusunun mayoru vətən müharibəsi şəhidi Ramid Haciyevin ailəsini ziyarət edib.
Ziyarət vaxtı çəkilən video birmənalı qarşılanmayıb. İcra başçısının şəhidin qızının saçlarını hörməsi görüntüləri bəzi sosial şəbəkə istifadəçiləri qeyri-səmimilikdə günahlandırıb. Çünki Abdin Fərzəliyevin Abşeron rayonundakı fəaliyyəti göz qabağındadır. O 3 il müddətində rayonda yaxşı imic qazanmayıb. Quruculuq, abadlıq, əhalinin sosial problemləri bir tərəfdə qaldığı halda o ancaq şəxsi biznesini böyüdüb.
News365.az olaraq Abdin Fərzəliyevin bəzi əməllərini xatırlatmaq istəyirik.
Rayonun bütün qəsəbələrində və Xırdalan şəhərində bütün boş ərazilər icra başçısı tərəfindən nəzarətə götürülüb. Xırdalanda tikinti aparmaq üçün yeni qiymət də müəyyənləşib. Sabiq başçı İradə Gülməmmədovanın dövründə birmərtəbəli evin tikintisi 3-5 min manat arası idisə, indi tikinti üçün 7-10 min manat tələb olunur.
Gah yaşıllıq salınması, gah şəhid evinin olduğu küçəyə asfalt döşəməsi və yaxud şəhid övladının saçını hörməklə gündəmə gələn, görülən bu kiçik işləri gözə soxaraq reklam edən A. Fərzəliyev, əslində qol qoyduğu özbaşınalıqları malalamağa, ört-basdır etməyə çalışır. İcra başçısı fikirləşir ki, yuxarıların, mətbuatın bu yolla xoşuna gələcək. Amma Abşeron rayonunda tikinti alverindən tutmuş torpaq satmağa qədər bütün rüşvətxorluq sistemini qüvvədə saxlayan icra başçısı keçmiş həmkarı İradə Gülməmmədovanın qoyub getdiyi qaydaları dəyişməyib. Sadəcə, dəyişən rəqəmlər, rüşvətin qiymətidir. Habelə, ötən müddətdə KİV-də yayımlanan xəbərlər də neqativ tondadır və məlum olur ki, icra başçısı hər hansı ciddi islahat aparmayıb. Misal üçün Abşeron rayonu, Xırdalan şəhərində “Köhnə statistika” adlandırılan ərazidə məskunlaşan məcburi köçkünlərbinadan çıxarılıb, yaşadıqları tikili və ərazi rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən “SAS 2015” MTK şirkətinə satılıb.
Başqa bir xəbərdə deyilir ki, Masazır və digər ərazilərdə torpaq satışı da, ev tikintisi rüşvət alınması da necə var davam edir. Sadəcə, indi 3 min yox, 5 min rüşvət tələb olunur.
Bütün çirkli işlərsə Abşeron Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsini icra edən Nurlan Həsənovun əli ilə həyata keçirilir.
Təsadüfi deyil ki, bir müddət əvvəl Abşeron Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişli saxlanılıb. Bu şəxs, 2014-cü ildən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.Məhkəmə iclasında o bir sıra maraqlı etiraflar edib:
"Bir nəfər şəxs mənə zəng edərək, özünəməxsus torpaq sahəsində konstruksiya yerləşdirmək istədiyini bildirdi. Azər Gülməmmədovla danışdım, Azər dedi ki, 30 min manat istə. Həmin şəxsə dedim ki, sənədləri götür, gəl yanıma. Yanına gəldi, sənədləri təqdim etdi. Baxdım ki, onun torpaq sahəsinə dair çıxarışı və tikilinin eskiz layihəsi var. Bütün sənədlər olduğuna görə konstruksiya quraşdırmasında heç bir problem olmayacaqdı. Ondan 30 000 manat istədim. O, 25 min manat düzəldə biləcəyini dedi və razılaşdıq. Azər dedi ki, Abdin Fərzəliyevdən şifahi razılıq alacağam.
Pulu dostumdan xahiş etdim, o götürdü. Həmin şəxsə demişdim ki, guya pulu almağa göndərdiyim şəxs icra başçısı Abdin Fərzəliyevin qohumudur. Əslində isə həmin şəxs mənim dostum idi, icra başçısı ilə heç bir qohumluğu yox idi".
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, alınan pullar Abdin Fərzəliyevə çatıb. Tıqsirləndirilən şəxs məhkəmədə daha bir sensasion fikir səsləndirib:
"Abdin Fərzəliyev atamı qəbul edib və bildirib ki, cinayət əməlini oğlun öz üzərinə götürsün, buna görə ona köməklik göstərəcəyəm.
Pulun alınmasında mən yalnız vasitəçilik etmişəm. Alınan pul Azərə çatası idi. Torpağın təyinatı, rəsmi icazəsi icra hakimiyyətində olmadığı üçün Azər pulu alıb, Abşeronun icra başçısı Abdin Fərzəliyevə verəcəkdi.
Mənim telefonunda sübutlar var. Mənə heç kəs heç nəyi həvalə etməmişdi. İcra hakimiyyəti ilə əlaqəli işləmişəm. Pulu Azərə çatdırması üçün Bəhruza vermişəm. Torpaq sahəsində tikintiyə göz yumulması üçün 25 000 manat verilib. O puldan mənə bir manat da qalmayıb.
1 ildir ki, ailəmə baxan yoxdur. Atam ürək xəstəsidir, icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə verdiyi vədə əməl etmədi".
Məhkəmənin hökmü ilə M.Mirişli 1 il 6 ay dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə beş il azadlıqdan məhrum olunsa da Abdin Fərzəliyevə “gözünün üstündə qaşın var” deyən olmadı.
Etdiyi əməlləri gizlədən icra başçısı indi də şəhid övladının saçını hörməklə özünə yeni imic formalaşdırır.
Abdin Fərzəliyev şəhid övladının saçını hörmə! Çünki sən nə qədər də istəsən o qızcığazın atasını əvəz edə bilməyəcəksən. Üstəlik onun atasının dayandığı mərtəbə sənin əməllərin fonunda çox-çox alidir, müqəddəsdir. Və heç olmasa o müqəddəsliyi çirkin əlinlə ləkələmə!
Videonu bu linkdən izləyə bilərsiz
News365.az